1 Yanvar, 2026 Analizlər

Hansı daha sürətli idi: McLaren, yoxsa Red Bull?

Geridə qoyduğumuz mövsüm çempion pilotun müəyyən edilməsi baxımından çox maraqlı alınıb. Mövsümün əvvəlində McLaren pilotları rəqiblərindən xal hesabında çox uzaqlaşsalar da, fasilədən sonra hər şey əksinə olub.

Maks Ferstappen 100-dən çox olan xal fərqini əridib və yekunda Lando Norrisə cəmi 2 xal uduzaraq titulu əldən verib. Bu mübarizə fonunda hamının müzakirə etdiyi əsas mövzu isə bu olub: McLaren daha güclü maşın hazırlamışdı, yoxsa Red Bull?

Racefans.net portalı olduqca maraqlı statistika hazırlayıb. Statistikada hər bir yarış üzrə 10 komandanın hər birinin ən güclüyə neçə faiz uduzduğu göstərilib. Məsələn, Avstraliyada McLaren ən güclü olub və 0% kimi götürülübsə, həmin yarışda ona ən yaxın olan Red Bull 0.51% daha yavaş olub.

Biz bütün komandaların nəticələrini ayrılıqda vermək əvəzinə, McLaren və Red Bull komandalarının hər yarışdakı güc nisbətlərini göstərən qrafik hazırlamışıq. Qrafikdə hər iki komanda ilə yanaşı, 10 komandanın ortalama gücü də əks olunub.

Ümumilikdə, 24 yarışın 14-də McLaren, 8-də Red Bull, 2-də isə Mercedes ən güclü maşına sahib olub. McLaren bu yarışların 11-də, Red Bull isə 5-də qalib gəlib. Mercedes isə hər iki üstün olduğu yarışda qələbəyə sevinib.

Share: