17 Yanvar, 2026 Xəbərlər

Adami Həmiltonun yarış mühəndisi rolundan ayrılıb

Maranellodan gələn xəbərə görə, Rikkardo Adami 2026-cı ildən etibarən Lyuis Həmiltonun yarış mühəndisi olmayacaq.

Cümə axşamı gec saatlarda Ferrari-nin mətbuat xidməti açıqlama yayıb və bildirilib ki, italiyalı mütəxəssis başqa vəzifəyə keçib, yeddiqat dünya çempionunun yeni yarış mühəndisinin adı isə daha sonra açıqlanacaq.

Ferrari komandasının açıqlamasında deyilir ki, Rikkardo Adami Ferrari Yarış Akademiyasında vəzifəyə keçib. O, Yarış Akademiyasının və TPC proqramının (Testing of a Previous Car – əvvəlki illərin maşınlarının testləri) rəhbəri postunu tutub.

Onun tras üzərində geniş iş təcrübəsi və Formula 1 üzrə ekspert bilikləri gələcək istedadların inkişafına töhfə verib və proqram çərçivəsində yüksək nəticələr mədəniyyətinin möhkəmlənməsinə xidmət edib. Ferrari komandası Rikkardoya trasdakı fəaliyyəti dövründə göstərdiyi sədaqətə və verdiyi töhfəyə görə təşəkkür edib və yeni vəzifəsində ona uğurlar arzulayıb.

44 nömrəli maşının yeni yarış mühəndisinin təyinatı barədə yaxın vaxtlarda məlumat veriləcək.

Rikkardo Adami Lyuis Həmiltonla işləməzdən əvvəl Ferrari-də Sebastyan Fettel və Karlos Saynsın yarış mühəndisi olub. Lakin ötən mövsüm ərzində onun Lyuislə radio danışıqları zamanı vaxtaşırı anlaşılmazlıqlar yaşanıb. Bu isə pilotla onun mühəndisi arasında münasibətlərin gərgin olması ilə bağlı şayiələrə səbəb olub, baxmayaraq ki, Lyuis bunu dəfələrlə təkzib edib.

Lyuisin növbəti yarış mühəndisinin kim olacağı maraq doğurur, indi isə gəlin onun indiyə qədərki bütün yarış mühəndislərinə nəzər salaq.

Fil Prü (2007-2009)

Fil Lyuisin ilk yarış mühəndisi olub. McLaren-də keçirdiyi ilk 3 ildə onun köməyindən istifadə edən Lyuis 52 yarışa çıxıb, 17 poul, 11 qələbə, 27 podium və 3 sürətli dövrə əldə edib. İlk çempionluğuna 2008-ci ildə məhz Fil Prü ilə sevinib.

Endi Latham (2010-2012)

Endi ilə olan dövr əvvəlki 3 ilə nisbətən çətin keçib. Lyuis 58 yarışda onunla əməkdaşlıq edib. Bu yarışların 6-na pouldan başlayıb, 9-da qələbə qazanıb, 21 dəfə podiuma yüksələrkən, 8 dəfə də sürətli dövrə vurub. Titul qazanmayıb.

Mark Temple (2012)

Endi Latham 2012-ci ildə şəxsi səbəblərə görə bir neçə yarışlıq öz postunu tərk edib və onu Lyuisin performans mühəndisi Mark Temple əvəz edib. Lakin Endi mövsüm sonuna qədər qayıtmadığından, britaniyalı sürücüyə McLaren-dəki son yarışına qədər Temple kömək edib. 7 yarışda 3 poul, 1 qələbə, 1 poul və 1 sürətli dövrə əldə edilib.

Piter Boninqton (2013-2024)

Lyuisin ən uzun müddət əməkdaşlıq etdiyi və ən çox uğur qazandığı mühəndis məhz “Bono”dur. Bu, həm də F1 tarixində ən uğurlu yarış mühəndisi-pilot tandemidir. Ardıcıl 12 mövsüm ərzində 244 yarışda Lyuisə kömək edən Piter onunla birlikdə 78 poul, 83 qələbə, 151 podium, 55 sürətli dövrə və ən əsası, 6 titula sevinib. “Bono” bu uzun müddətdə yalnız 2 dəfə – 2019-cu ildə Meksika Qran Prisində və 2022-ci ildə Avstriya Qran Prisində Lyuisə səhhətinə görə kömək edə bilməyib. Həmin yarışlarda Piteri Markus Dadli əvəz edib. Lyuis həmin yarışlarda müvafiq olaraq, birinci və üçüncü yerləri tutub.

Rikkardo Adami (2025)

Bu, Həmiltonun ən uğursuz əməkdaşlığıdır. Çünki ikili 24 yarışda ən yaxşı halda cəmi 1 dəfə olan sürətli dövrəyə seviniblər. Nə poul, nə qələbə, nə də podium sevincini birlikdə yaşamaq qismət olmayıb. Əlbəttə, Çindəki sprint yarışındakı qələbəni nəzərə almasaq…

Share: