23 Yanvar, 2026 Xəbərlər

Ferrari SF-26 təqdim olunub

Bugünkü Ferrari təqdimatı müddətinə görə rekord dərəcədə qısa olub: komanda kompüter animasiyası vasitəsilə hazırlanmış bir yarım dəqiqəlik videoklip nümayiş etdirib.

Daha sonra isə yeni SF-26 maşınına həsr olunmuş press-reliz yayımlayıb.

Bu, Maranelloda inşa olunmuş artıq 72-ci Formula 1 maşını olub. O, 2026-cı ilin texniki reqlamentinə uyğun şəkildə yaradılıb və relizin mətnində qeyd edildiyi kimi, bu, “maşının arxitekturasına tam yenidən baxılmasını tələb edib”.

Ferrari-də vurğulayıblar ki, əsas diqqət çəkinin azaldılmasına və səmərəliliyin artırılmasına yönəldilib, çünki yeni reqlamenti hazırlayanlar qarşılarına məhz bu cür məqsədlər qoyub. Eyni zamanda Formula 1 yeni nəsil güc qurğularına keçid edir və onlar daha güclü hibrid hissə ilə fərqlənir.

Frederik Vassyör: “SF-26 ilə həm Formula 1, həm də Ferrari üçün yeni bir dövr başlayır, çünki bu il həm şassi, həm də güc qurğuları üzrə yeni texniki reqlament qüvvəyə minir. Eyni zamanda biz yeni yanacaq növlərinə və yeni ölçülü təkərlərə keçirik.

Bu maşın bütün komandanın böyük səylərinin nəticəsi olub, tamamilə yeni bir səyahətin başlanğıcıdır və bu yolda bizi xeyli məchullar gözləyir.

Mövsümə hazırlıq prosesində komanda heç vaxt olmadığı qədər daha sıx birləşib. Gələn həftə Barselonada biz yeni maşının xüsusiyyətlərini öyrənməyə və onun davranışını analiz etməyə başlayırıq. Bu ilkin mərhələdə əsas prioritet mümkün qədər çox məlumat toplamaq və mövsümün ilk yarışına qədər möhkəm baza yaratmaqdır”.

Loik Serra, texniki direktor (şassi üzrə): “SF-26-nın yaradılması prosesində biz tamamilə yeni reqlamentin tələblərinə uyğunlaşmalı olmuşuq. Konsepsiyanın hazırlanması mərhələsi xeyli vaxt aparıb, çünki yeni qaydaların texniki kontekstini mümkün qədər yaxşı anlamaq lazım olub, eyni zamanda şassi arxitekturasının mövsüm ərzində kifayət qədər çevik modernləşməyə imkan verəcəyinə zəmanət verməli idik.

Əsas hədəflər səmərəliliyə nail olmaq və maşının bütün sistemlərinin, o cümlədən aktiv aerodinamikasının inteqrasiyası olub. SF-26 Maranellodakı bazada çalışan bütün komandanın əməyinin məhsuludur və indi biz mövsümün başlanmasını səbirsizliklə gözləyirik”.

Enriko Qvaltyeri, texniki direktor (güc qurğusu): “2026-cı ilin texniki reqlamentinə uyğun olaraq güc qurğusu maşının ümumi konstruksiyasına əvvəlkindən də daha yüksək səviyyədə inteqrasiya olunmalıdır. Elektrik komponentinin rolu əhəmiyyətli dərəcədə artırılıb, MGU-H motor-generatorları artıq olmayacaq və biz ekoloji cəhətdən dayanıqlı yanacağa keçirik.

Bütün bunlar 2014–2025-ci illəri əhatə edən əvvəlki dövrlə müqayisədə sadəcə təkamül deyil, konsepsiyanın dəyişdiyini göstərir. Bizdən ilk gündən etibarən güc qurğusunun arxitekturasına yenidən baxmaq tələb olunub, səmərəlilik, inteqrasiya və enerji idarəetməsinə maksimum diqqət ayıraraq şassi departamentindəki həmkarlarımızla daim sıx koordinasiyada çalışmışıq.

Bu, son dərəcə mürəkkəb texniki tapşırıqdır və biz ona çox ciddi və intizamlı şəkildə yanaşmışıq. İndi isə məqsədimiz mövsüm ərzində maşının bütün sistemlərini optimallaşdırmaqdır”.

Şarl Lekler: “2026-cı ilin reqlamenti xüsusilə pilotlardan daha yüksək hazırlıq səviyyəsi tələb edir. Çoxsaylı yeni sistemləri anlamaq və onlarla optimal işləməyi öyrənmək lazımdır, buna görə də biz maşının hazırlanmasında ən erkən mərhələlərdən etibarən iştirak edirik.

Ferrari-də çıxış etdiyim illər ərzində artıq bir neçə dəfə ciddi reqlament dəyişikliklərindən keçmişik, ona görə də bu il bunun nə qədər çətin olduğunu bilirik. Amma hamı döyüş əhval-ruhiyyəsində işləyir ki, trasa mümkün qədər hazırlıqlı çıxsın.

Enerji idarəetməsi və güc qurğusu ilə iş ən vacib aspektlərdən biri olacaq. Pilotlardan sürətli adaptasiya tələb edən çox maraqlı tapşırıqlar bizi gözləyir; başlanğıcda daha çox instinktlərə, zamanla isə getdikcə daha dəqiq məlumatlara güvənmək lazım gələcək.

Bu mövsüm azarkeşlərin dəstəyi xüsusilə önəmli olacaq. Məhz bu dəstək Ferrari-ni bu qədər unikal edir və bizi maksimum gücümüzü ortaya qoymağa vadar edir”.

Lyuis Həmilton: “2026 mövsümü hamı üçün əsl çağırış olacaq. Bu, karyeram boyunca rastlaşdığım ən ciddi reqlament dəyişikliklərindən biridir. Yeni bir dövr başlayanda hər şey komandanın inkişafı və böyüməsi, ortaq istiqamətdə irəliləməsi ətrafında cəmlənir.

Tamamilə yeni bir şassinin hazırlanmasında ən erkən mərhələdən iştirak etmək mənim üçün xüsusilə həyəcanlı tapşırıqdır, çünki maşının inkişaf istiqamətini dəqiq müəyyənləşdirmək üçün mühəndislərlə sıx çalışıram.

Texniki baxımdan bizi son dərəcə vacib bir il gözləyir, çünki pilot enerji idarəetməsində, yeni sistemlərin anlaşılmasında və maşının təkmilləşdirilməsinə töhfə verməkdə mərkəzi rol oynayacaq. Komanda Ferrari-nin inanılmaz dərəcədə ehtiraslı azarkeşlərinin dəstəyi ilə bu çağırışın öhdəsindən birlikdə gələcək”.

Share: