12 Dekabr, 2025 Xəbərlər

Formula 1, FİA və 11 komanda Razılıq Müqaviləsini imzalayıblar

FİA, Formula 1 və çempionatda iştirak edən 11 komandanın hamısı 2030-cu ilə qədər qüvvədə olacaq yeni Razılıq Müqaviləsini imzalayıblar.

Bu barədə cümə axşamı axşam saatlarında həm Beynəlxalq Avtomobil Federasiyasının, həm də Formula 1-in mətbuat xidmətləri eyni vaxtda məlumat yayıblar.

Açıqlamada bildirilib ki, bu razılaşmalar sayəsində idman daha peşəkar səviyyəyə qalxıb və FİA ilə Formula 1 Group arasında yeni əməkdaşlıq dövrü başlayıb. Müqavilənin uzunmüddətli xarakter daşıması çempionatın qlobal auditoriyasını daha da genişləndirəcək, həm komandalar, həm telekanallar, həm də azarkeşlər üçün sabitlik yaradacaq.

Stefano Domenikali: “Bu gün Formula 1 üçün əlamətdar gündür. Bu inanılmaz dərəcədə gözəl idmanın 75 illiyini qeyd etdiyimiz bir vaxtda onun uzun və şanlı tarixinə növbəti fəslini qürurla əlavə edirik.

Bu müqavilə Formula 1-in qlobal miqyasda böyüməsini təmin edəcək və bunun üçün bütün şərait yaradılıb. Mən FİA prezidenti Muhammed ben Sulayemə və bütün komandalara əməkdaşlığa və müzakirələr zamanı ən yaxşı nəticəni əldə etməyə yönəlmiş qətiyyətlərinə görə təşəkkür edirəm.

Qürur duymaq üçün böyük səbəbimiz var, lakin qarşıdakı illərdə Formula 1-in bütün imkanlarını və potensialını reallaşdırmağa fokuslanmışıq”.

Muhammed ben Sulayem: “Bu, doqquzuncu Razılıq Müqaviləsidir və Formula 1-ə uzunmüddətli gələcək təmin edir. Onun üzərində işləyərkən nümayiş etdirilən məqsədyönlülük məni qürurlandırıb.

Mən Stefano Domenikaliyə və onun komandasına obyektivlik, sabitlik və qarşılıqlı maraqların nəzərə alınması əsasında qurulmuş səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm.

Bu razılaşmalar bizə qanunvericilik, texnoloji və əməliyyat imkanlarımızı daha da təkmilləşdirməyə şərait yaradacaq, o cümlədən yarış direktorlarımızı, digər rəsmi şəxsləri və hər yarışın keçirilməsində mühüm rol oynayan minlərlə könüllünü dəstəkləmək imkanı verəcək.

Biz Formula 1-in texnoloji innovasiyaların tətbiqində və dünya idmanında yeni standartların formalaşdırılmasında ön sıralarda qalmasını təmin edəcəyik”.

Qeyd edək ki, bu, tarixdə sayca 9-cu Razılıq Müqaviləsidir. Gəlin əvvəlki müqavilələrə nəzər salaq:

  • Birinci Razılıq Müqaviləsi (1981–1986)
    19 yanvar 1981-də Parisdə Place de la Concorde meydanında imzalanıb. Bu sənəd FIA, FOCA və komandalar arasında uzun davam edən FİSA-FOCA mübahisələrini sona çatdırmağı hədəfləyib. Razılaşma komandaların hər yarışda iştirakını təmin edib, televiziya hüquqlarını müəyyənləşdirib və sabit qaydalarla idmana etibarlılıq gətirib.

  • İkinci Razılıq Müqaviləsi (1987–1991)
    1987-ci ildə qüvvəyə minib və 1991-ci ilə qədər davam edib. Razılaşma imzalandıqda Bernie Ekklstoun komandaların sahibliyi rolundan çıxıb və komandalar üçün televiziya hüquqlarını idarə etmək məqsədilə Formula One Promotions and Administration (FOPA) şirkətini qurub. Sonradan FOM (Formula One Management) kimi tanınan FOPA televiziya gəlirlərinin 49%-ni alıb, komandalar 1%-ə, FIA isə 50%-yə malik olub; FOPA həmçinin promouterlərdən gələn bütün vəsaitləri alıb və komandaları mükafat pulları ilə təmin edib.

  • Üçüncü Razılıq Müqaviləsi (1992–1996)
    1992-dən 1996-ya qədər olan mövsümləri əhatə edib. Berni Ekkstoun Formula 1-in televiziya hüquqlarını FOCA-ya ötürmək üçün Jan-Mari Balestre və FİA-nın razılığını almaq məcburiyyətində qalıb. O, fransız dilini yaxşı bilən biznes tərəfdaşı Pəddi Maknallini Balestre ilə danışıqlara göndərib və nəticədə tərəflər razılığa gəliblər. Balestre Ekklstounun televiziya hüquqlarının dəyəri və onun aqressiv genişlənmə planlarından xəbərsiz olub. Qısa müddət sonra, 1993-də Maks Mosli federasiyanın prezidenti seçilib.

  • Dördüncü Razılıq Müqaviləsi (1997)
    1995-də FİA Formula 1-in kommersiya hüquqlarını FOCA-dan FOM-a 14 illik dövr üçün ötürmək qərarına gəlib, Ekklstoun isə bunun qarşılığında illik ödəniş etməyi qəbul edib. McLaren, Williams və Tyrrell komandaları bu qərara etiraz edərək yeni razılaşmanı imzalamaqdan imtina ediblər, çünki Ekklstoun FOCA prezidenti kimi hüquqları öz şirkətinə ötürürdü. Tyrrell həmçinin müqaviləyə əlavə olunan gizli bəndə qarşı çıxıb və bu gizliliyin yalnız Ekklstouna fayda verəcəyini söyləyib. Lakin 1996-cı ilin sentyabr ayının 5-də bütün komandalar (McLaren, Williams və Tyrrell istisna olmaqla) sənədi imzalayıblar. Beləcə, yeni razılaşma 1 yanvar 1997-ci ildən 31 dekabr 2002-ci ilədək qüvvədə olub.

  • Beşinci Razılıq Müqaviləsi (1998–2007)
    Kompromis əldə olunub və 27 avqust 1998-ci ildə yeni müqavilə imzalanıb. Bu razılaşma əvvəl imzalamayan üç komandanı da əhatə edib və 31 dekabr 2007-ci ildə qüvvədən düşüb.

  • Altıncı Razılıq Müqaviləsi (2009-2012)
    Ekklstoun 7 dekabr 2004-cü ildə Ferrari istisna olmaqla bütün komandalara 260 milyon funt sterlinq məbləğində üçillik ödəniş təklifi edib ki, beşinci razılaşmanın uzadılmasını təmin etsin. 19 yanvar 2005ci-ildə Ferrari 2012-ci ilin sonuna qədər qüvvədə olacaq uzadılmış müqaviləni imzalayıb, ardınca Red Bull, Jordan və Midland, daha sonra isə Williams da ona qoşulub. 2006-cı ildə BMW Sauber, Renault, Honda, McLaren və Toyota 2012-yə qədər qalmaq barədə razılığa gəliblər. 2009-cu ildəda FOTA (Formula One Teams Association) və FIA arasında yaranan fikir ayrılıqlarından sonra Maks Mosli və bütün komandalar yeni razılaşmanı imzalayıblar. Bu sənəd 31 dekabr 2012-yə qədər qüvvədə olub və eyni zamanda resurs məhdudiyyəti və yeni texniki qaydaları da müəyyən edib.

  • Yeddinci Razılıq Müqaviləsi (2013-2020)
    Yeni razılaşma ilə bağlı danışıqlar uzun çəkib və əvvəlki razılaşma 2012-ci ildə bitsə də, yeni müqavilənin imzalanması 2013-cü il mövsümünün startına qədər yekunlaşmayıb. Bu dəfə razılaşma əvvəlkilər kimi kollektiv deyil, Formula One Group ilə hər bir komanda arasında fərdi ikitərəfli müqavilələr şəklində olduğundan, əslində Razılıq Müqaviləsinin tələblərinə cavab vermir. FiA və Formula One Group arasında 2013-cü ilin sentyabrında imzalanan müqavilə 2020-ci ilin sonuna qədər qüvvədə olub. Bu sənəd çoxtərəfli yeni razılaşmaya doğru bir addım kimi elan edilsə də, belə bir müqavilə heç vaxt reallaşmayıb.

  • Səkkizinci Razılıq Müqaviləsi (2021–2025)

    Yeni razılaşma üzrə danışıqlar 2017-də başlanıb və 2019-a qədər uzanıb, lakin COVID-19 pandemiyası səbəbilə daha da ləngiyib. Bu sənəd 2021-ci ildən etibarən büdcə limitini və mükafat bölgüsünü dəyişdirib. Yeni komandaların Formula 1-ə daxil ola bilməsi üçün 10 komanda arasında bərabər şəkildə bölünməsi məqsədilə 200 milyon dollarlıq giriş haqqı tələb edilib. 18 avqust 2020-ci ildə Ferrari, McLaren və Williams, növbəti gün isə digər komandalar da müqaviləni imzalayıblar. Bu, Liberty Media dövründə imzalanan ilk razılaşma olub və 1 yanvar 2021-ci ildən 31 dekabr 2025-dək qüvvədədir.

Share: