Helmut Marko Red Bull-dan ayrılır
Red Bull-un avtoidman üzrə məsləhətçisi Helmut Marko bu ilin sonunda şirkətdən rəsmi olaraq ayrılacaq.
Açıqlamada bildirilib ki, 82 yaşlı avstriyalı bu qərarın təşəbbüskarı olub və şirkətdəki bütün vəzifələrini, o cümlədən Red Bull Junior gənclər proqramının rəhbərliyini tərk etməyə qərar verib.
Helmut Marko: “Mən artıq altı onillikdir ki, avtoidmana bağlı olmuşam və Red Bull-da keçirdiyim son iyirmi ildən çox müddət mənim üçün inanılmaz dərəcədə uğurlu olub. Bu, çox istedadlı insanlarla bölüşdüyüm möhtəşəm bir dövr idi. Birlikdə əldə etdiklərimizin hamısı mənə böyük qürur hissi bəxş edir.
Bu mövsümdə titul qazanmaqdan az fərqlə məhrum olduğumuz faktı məni dərindən təsirləndirib və başa salıb ki, bu uzun, gərgin və uğurlu mərhələyə şəxsi olaraq indi son vermək üçün uyğun zamandır.
Bütün komandaya gələcəkdə də uğurlar arzulayıram və inanıram ki, gələn il onlar həm fərdi çempionluq, həm də Mühəndislər Kuboku uğrunda mübarizə aparacaqlar”.

Oliver Mintslaff, Red Bull-un korporativ layihələr və investisiyalar üzrə icraçı direktoru: “Helmut mənə ilin sonunda avtoidman üzrə məsləhətçi vəzifəsini tərk etmək istədiyini bildirdi. Onun bu qərarına görə çox təəssüflənirəm, çünki o, iyirmi ildən çox müddət ərzində böyük təsirə malik fiqur olub və onun gedişi əlamətdar bir dövrün başa çatdığını göstərir.
İyirmi ildən çox bir müddətdə Helmut həm komandaya, həm də bütün Red Bull Motorsport ailəsinə ölçüyəgəlməz töhfə verib. O, Red Bull Racing-i bu günkü vəziyyətinə – çoxqat dünya çempionuna, innovasiyalar liderinə və beynəlxalq avtoidmanın əsas dayağına çevirən bütün mühüm strateji qərarlarda həlledici rol oynayıb”.
Helmut Marko 27 aprel 1943-cü il tarixində Avstriyanın Grats şəhərində anadan olub. 1967-ci ildə University of Graz universitetini hüquq üzrə bitirib və doktorluq dərəcəsi alıb.
Marko avtoidmana 60-cı illərin ikinci yarısında gəlib və ilk illərində öz hesabına yarışlara qatılıb. 1970-72-ci illərdə Dünya Dözümlülük Çempionatında iştirak edib və 1971-ci ildə 24 saatlıq Le Man yarışının qalibi olub.
Formula 1-də debütü də həmin ilə təsadüf edib – ilk yarışlarına Ecurie Bonnier komandasının tərkibində çıxıb. Cəmi 9 dəfə start aldığı, qələbəsi, podiumu, hətta bir xalı belə olmayan F1 karyerası tezliklə bitməli olub – bir il sonra Fransa Qran Prisindəki qəzada başqa maşından qopan parça onun dəbilqəsinin vizorunu da deşərək gözünü zədələyib.

Sol gözü kor olan Helmut sürücü karyerasını başa vurmalı olub. Amma avtoidmandan uzaq düşməyən avstriyalı müxtəlif illərdə müxtəlif rollarda çıxış edib. Nəhayət, 2005-ci ildə Red Bull-da avtoidman məsləhətçisi kimi işə başlayıb və bu komanda ilə 20 il ərzində bir çox uğur əldə edib. Onun rəhbəri olduğu Red Bull Junior Team son dövrlərdə F1-ə çox sayda sürücü, o cümlədən iki multiçempion qazandırıb.
2024-cü ilin fevral ayında komandanın sabiq rəhbəri Kristian Hornerin ətrafında cərəyan edən skandalda əks cəbhədə qərarlaşan Helmut demək olar ki, komandada qütbləşmənin yaranmasında rol oynayıb. Komanda üçün çətin keçən 2 mövsümün sonunda nəhayət ki, komanda ilə yolları ayırmaq qərarına gəlib.

Formula 1-ə qazandırdığı ən böyük dəyərlərdən biri olan Maks Ferstappen də onun gedişinə biganə qalmayıb və sosial şəbəkə hesabından vida və təşəkkür mesajı yayımlayıb.
Maks Ferstappen: “Təşəkkür edirəm, Helmut. Birlikdə arzuladığımız hər şeyə nail olduq. Mənə inandığınız üçün sizə sonsuz minnətdaram”.