15 Dekabr, 2025 Xəbərlər

Növbəti mövsümün ilk yarışlarının təkərləri məlum olub

Pirelli 2026 mövsümünün ilk üç mərhələsi – Avstraliya Qran Prisi, Çin Qran Prisi və Yaponiya Qran Prisi üçün təkər tərkiblərini açıqlayıb.

Mövsümün ilk mərhələsini olan Avstraliya Qran Prisinin baş tutacağı Melburna ən yumşaq üçlük – C3, C4 və C5 gətiriləcək. 2024-cü ildə bu kombinasiya iki pit-stoplu yarışa və hər üç tərkibdən istifadəyə şərait yaratmışdı. 2025-ci ildə isə yarış məsafəsinin böyük hissəsində yağış yağdığı üçün əsasən keçid təkərlərdən istifadə edilmişdi.

Mövsümdə sprint yarışlı formatda keçiriləcək ilk mərhələyə ev sahibliyi edəcək Şanxayda tərkiblər bir vahid “sərtləşdiriləcək” və komandaların ixtiyarında orta üçlük – C2, C3 və C4 tərkibləri müvafiq olaraq, Hard, Medium və Soft rolunda olacaq.

Yaponiya Qran Prisi üçün Suzukaya ən sərt üçlük – C1, C2 və C3 gətiriləcək. 2025-ci ildə trasın aşağı temperaturu və aşınmaya qarşı yüksək davamlılıq pilotlara Hard və Medium təkərlərində stintləri uzatmağa imkan vermişdi və yarış bir pit-stopla başa vurulmuşdu. 2024-cü ildə isə vəziyyət əksinə idi – termal deqradasiya ən azı iki pit-stopun zəruri olmasına səbəb olmuşdu.

Komandalar və pilotlar 2026 təkərləri ilə yaxından işləmək imkanını qış testlərində əldə edəcəklər. İlk testlər 26–30 yanvar tarixlərində Barselonada qapalı rejimdə keçiriləcək. Hər komanda mövcud beş gündən üçündə trasda işləyəcək və bu günləri müstəqil şəkildə seçəcək.

İkinci və üçüncü testlər isə artıq tamaşaçılar üçün açıq şəkildə Bəhreyndə 11–13 fevral və 18–20 fevral tarixlərində keçiriləcək. Mövsümə bu qədər uzun hazırlıq komandaların yeni texniki reqlament çərçivəsində qurulmuş maşınları daha yaxşı anlamasına imkan verəcək.

İlk yarışlarda slik tərkiblərinin hamısından istifadə Pirelli-yə trasda gərgin mübarizə şəraitində onların arasındakı fərqləri, həmçinin aşınma və qızmaya davamlılığını diqqətlə qiymətləndirməyə imkan verəcək. Toplanan məlumatlar mövsümün Avropa mərhələləri üçün təkər seçiminə kömək edəcək.

Yarış/Tərkib C1 C2 C3 C4 C5
Avstraliya
Çin  –
Yaponiya
Share: