Pirelli 2026-cı ilin təkərlərini təqdim edib
Çərşənbə axşamı Əbu Dabidə Pirelli şirkəti 2026 mövsümü üçün Formula 1 təkərlərini rəsmi şəkildə təqdim edib. Yalnız bundan sonra komandalar onları test etməyə başlayıblar.
İlk növbədə təkərlərin yan hissəsindəki yenilənmiş qrafik dizayn diqqət çəkib. Markalanma yenidən işlənib və indi damalı bayraq loqotipini də özündə birləşdirib. Pirelli-nin fikrincə, bu, yeni Formula 1 təkərlərinə həm avtoidman, həm də yol istifadəsi üçün istehsal olunan digər Pirelli təkərlərindən tam fərqli bir görünüş qazandırıb, eyni zamanda tarixi dizayna istinadları qoruyub saxlayıb.
Hər yarış üçün təkərin növünü göstərən rənglər gələn il də dəyişməyəcək. Ağ, sarı və qırmızı rənglər müvafiq olaraq, Sərt (Hard), Orta (Medium) və Yumşaq (Soft) təkərləri, yaşıl və mavi rənglər isə əvvəlki kimi Keçid (Intermediate) və Yağış (Wet) təkərlərini fərqləndirməmizə kömək edəcək.

2026-cı il üçün P Zero təkər xətti beş rezin təkibindən ibarətdir – C1-dən (ən sərt) C5-ə (ən yumşaq) qədər 5 müxtəlif tərkib var. Xüsusiyyətlər 2025-ci ildəki ilə oxşardır, lakin tərkiblər arasındakı fərq daha geniş və sabit olub. Bu, komandaların yarışlarda müxtəlif strategiyalardan istifadə etməsinə imkan verəcək. Keçid və yağış təkərlərinin protektor naxışları isə 2025-ci ildəki kimi qalıb.
Gələn ilin təkərləri yeni texniki reqlament çərçivəsində qurulmuş maşınlara uyğun olmaq üçün daha kiçik ölçülərdə hazırlanıb. Təkərlərin diametri 18 düym olaraq qalıb, lakin protektorun eni ön tərəfdə 25 mm, arxa tərəfdə isə 30 mm azaldılıb. Ümumi diametr ön təkərlərdə 15 mm, arxa təkərlərdə isə 10 mm kiçilib.

2026 təkərlərinin rəsmi homologasiyası mövcud reqlamentə əsasən 15 dekabrda baş tutacaq. Yeni nəsil maşınlarda təkərlərin ilk testləri isə 2026-cı ilin 26–30 yanvar tarixlərində Barselonada keçiriləcək. Lakin biz onları komandaların təqdimatlarında yeni bolidlərin üzərində görə biləcəyik.