16 Dekabr, 2025 Xəbərlər

Portuqaliya 2027-ci ildə təqvimə qayıdır

2027 mövsümündə Portuqaliya Qran Prisi təqvimə qayıdacaq, Niderland Qran Prisini əvəzləyəcək və Portimauda yerləşən Autódromo Internacional do Algarve trasında keçiriləcək.

Portuqaliya hökuməti 2020 və 2021-ci illərdə Covid-19 pandemiyası dövründə yarışlara ev sahibliyi etdikdən bəri Qran Prinin geri qayıtmasını arzulayıb və bu, Zandfortla müqavilənin müddəti başa çatdıqdan sonra baş verəcək.

Hazırda söhbət ikiillik müqavilədən gedir və Portuqaliya Qran Prisinin 2027 və 2028 mövsümlərində keçirilməsi planlaşdırılır.

Stefano Domenikali: “Mən Portimaunun Formula 1 təqviminə qayıtmasından məmnunam və idmanımız portuqaliyalı möhtəşəm azarkeşlərdə güclü emosiyalar oyatmağa davam edir. Bu trasda baş tutan yarışlar ilk döngədən damalı bayrağadək çox maraqlı keçib və tribunadakı tamaşaçıları yerlərindən qalxmağa vadar edən xüsusi bir enerjiyə olub.

Hazırda Formula 1 mərhələlərinin keçirilməsinə maraq maksimum səviyyədədir və mən ölkənin baş naziri Luis Monteneqruya, iqtisadiyyat və ərazi inkişafı naziri Manuel Kastro Almeidaya, Autódromo Internacional do Algarve-in icraçı direktoru Hayme Koştaya və digərlərinə Formula 1-in Portuqaliyaya qayıdışına verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm.

Əməkdaşlığımızın yenidən başlanmasını səbirsizliklə gözləyirəm və Portimaunun çempionat təqviminə qayıdışının həqiqətən parlaq olması üçün birlikdə bütün səylərimizi göstərəcəyik”.

Manuel Kastro Almeida, Portuqaliyanın İqtisadiyyat və Ərazi Birliyi Naziri: “Portuqaliya Formula 1 xəritəsinə qayıdıb. F1 Grande Prémio de Portugal yarışı iqtisadi fəaliyyətə birbaşa təsir göstərəcək, turizmdən ticarətə və xidmətlərdən KOBİ-lərə qədər iqtisadi zəncir boyunca imkanlar yaradacaq və ölkəni rəqabətədavamlı və etibarlı bir məkan kimi təqdim edəcək.

Qran Prinin Alqarvedə keçirilməsi regional inkişaf strategiyamızı gücləndirir, ərazilərin dəyərini artırır və yerli iqtisadiyyatlar üçün imkanlar yaradır. Bu, ölkəmiz üçün prestij mənbəyi olmaqla yanaşı, Portuqaliyanın imicini bütün dünyada artıracaq bir tədbir olacaq”.

Hayme Koşta, Autódromo do Algarve-in icraçı direktoru: “Formula 1-in Portuqaliyaya və bizim avtodromumuza qayıdışını böyük sevinclə qarşılayırıq. Portuqaliya Qran Prisi trasımızın üstünlüklərini, azarkeşlərimizin idman ehtirasını nümayiş etdirib və turizmin, eləcə də yerli iqtisadiyyatın inkişafına güclü təkan verib.

Bu nailiyyət yalnız ona görə mümkün olub ki, ölkə hökuməti layihəmizi ilk gündən dəstəkləyib. Portimaudakı tras özünəməxsus konfiqurasiyası ilə dünyanın ən yaxşı pilotlarının ustalığını sınağa çəkəcək və azarkeşlərin sevəcəyi bir tamaşaya çevriləcək”.

Qeyd edək ki, Portuqaliya Formula 1 yarışlarına 1958-ci ildən bəri fasilələrlə 18 dəfə ev sahibliyi edib. İlk yarış Boavişta Şəhər Trasında baş tutub. 1959-cu ildə Monsanto Şəhər Trasında keçirilsə də, 1960-cı ildə yenidən Boaviştada keçirilib.

Portuqaliya bu yarışdan sonra təqvimdən çıxıb və bir də 1984-cü ildə Eştoril trası ilə geri qayıdıb. Burada yarışlar 1996-cı ilə qədər baş tutub. 1997-ci və 1998-ci illərdə isə vəd edilən təmir və yenilənmə işləri yerinə yetirlmədiyinə görə burada keçirilməsi planlaşdırılan yarışlar ləğv edilib.

2020-ci ilin təsdiq olunmuş təqvimində Portuqaliya Qran Prisi yer almayıb. Lakin Covid-19 pandemiyası səbəbi ilə yenidən tərtib edilmiş təqvimə daxil edilib. Həmin yarışda Lyuis Həmilton 92-ci qələbəsini qazanaraq Mixael Şumaxeri geridə qoyub. Buradakı son yarış 2021-ci ildə keçirilib.

 

Share: