Red Bull və Ford-un birgə təqdimatı baş tutub
Red Bull və Ford-un Detroytda keçirdiyi birgə təqdimat Miçiqan ştatının keçmiş mərkəzi dəmir yolu vağzalının tarixi binasında baş tutub və mərasim Bakı vaxtı ilə səhər tezdən başlayıb.
Ənənəyə uyğun olaraq təqdimat Amerika avtomobil nəhənginin Formula 1 komandası ilə əməkdaşlığına həsr olunmuş təsirli videoçarxla açılıb.
Bundan sonra səhnəyə şirkətin banisi Henri Fordun nəticəsi Bill Ford çıxıb, qonaqları salamlayıb və ardınca təqdimatın əsas hissəsi başlayıb.

Mərasimin aparıcısı iştirakçılara komandanın rəhbəri Loran Mekisi və Ford Motor Company-nin rəhbəri Cim Farlini təqdim edib. Onlar növbə ilə bu yeni texnoloji alyansın iştirakçılarının üzərinə götürdüyü ciddi çağırışlardan və Red Bull Powertrains istehsalı olan yeni güc qurğusunun yaradılması prosesində həll olunan çətin vəzifələrdən danışıb.
Loran Mekis: “Yeni maşının rəng çalarını ilk dəfə gördüyümüz an həmişə xüsusi məqamlardan biri olub, həmin an qarşıdan gələn mövsümlə bağlı həyəcanı real şəkildə hiss etməyə başlayırsan.
Trasda biz parlaq görünəcəyik. Formula 1 çox vacib yeni bir dövrə qədəm qoyur – bu, həm bütün idman, həm də komandamız üçün əsl hadisədir. Biz istəmişik ki, RB22-nin dizaynı bunu əks etdirsin və eyni zamanda komandamızın tarixinin başladığı zamanlarla assosiasiya yaratsın.
Bu dizayn ilk gündən komandamızı fərqləndirən ruhu vurğulamaq məqsədi daşıyıb. Red Bull Racing maşınlarında ilk dəfə Red Bull Ford Powertrains istehsalı olan güc qurğularının görünəcəyi mövsümdə RB22-nin dizaynının komandanın tarixini xatırlatması tam yerinə düşüb”.

Milton-Keynsdən videobağlantı vasitəsilə təqdimata komandanın mühərrik bölməsinin texniki direktoru Ben Hodkinson qoşulub və yeni nəsil güc qurğuları ilə bağlı təqdimat virtual reallıq texnologiyalarından istifadə olunaraq davam etdirilib.
Təbii ki, auditoriya əsasən Red Bull Racing və Racing Bulls-un yeni maşınları barədə danışılmasını gözləyib və bu mövzuya keçməzdən əvvəl Loran Mekisə Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali qoşulub. O, dünya çempionatının tarixində yeni mərhələ olan 2026-cı il ilə bağlı bir neçə söz deyib.
Stefano Domenikali: “Bu, texniki reqlamentdə böyük dəyişikliklər baş verdiyi zaman, idmanımızın yeni enerji aldığı, yeni ideyaların və rəqabət qabiliyyətinə aparan yeni yanaşmaların ortaya çıxdığı andır. 2026-cı il çox maraqlı olacağını vəd edir, çünki yeniliklər kifayət qədər çoxdur.
Hadisələri izləməyə davam edin. Mən bütün Formula 1 ailəsi adından Ford şirkətinə təşəkkür etmək istəyirəm. Biz hazırda Detroytdayıq və bu şəhər avtoidman tarixi üçün simvolik məkandır, lakin mən hamınızı dünyanın hər yerində keçirilən Formula 1 yarışlarında görmək istərdim”.

Daha sonra səhnəyə komandanın texniki direktoru Pyer Vaşe və Red Bull Powertrains-in baş mühəndisi Fil Prü çıxıb və hər biri mühəndislik çətinlikləri barədə bir neçə fikir səsləndirib.
Yalnız bundan sonra Red Bull Racing-in pilotları – Maks Ferstappen və komandanın debütantı Ayzek Həcər səhnəyə çıxıb və məhz onlara yeni RB22 maşınının rəsmi rəng çalarını təqdim etmək etibar edilib. Burada təqdim edilən şou-kar olub və bu məqamda bunun xüsusi əhəmiyyəti olmayıb. Aydın görünür ki, Red Bull-un ənənəvi tünd-göy rəng çaları bir qədər dəyişib və hər iki pilot bu rəngi çox bəyəndiklərini qeyd edib.
Ümumilikdə rənglərin kombinasiyası Red Bull üçün kifayət qədər ənənəvi olub, lakin detallarda fərqlər var və maşın ümumən həqiqətən parlaq və cəlbedici təsir bağışlayıb.
Maks Ferstappen: “Yeni rəng çalarını bəyənirəm. O, həqiqətən çox yaxşı görünür və düşünürəm ki, bu il trasda seçiləcək. Parlaq səth çox xoşdur, maşın retro üslubda tərtib olunub və bu mavi rəngi xüsusilə sevirəm.
Maşını canlı görmək əladır – onun nə qədər dəyişdiyini görmək təsirli və təəccüblüdür. Xarici görünüş Formula 1-də karyerama yeni başladığım dövrlərlə bağlı çox xoş xatirələr oyadıb.
Yeni dizaynda maşını idarə edəcəyim üçün şadam. Mexaniklərin onu təmiz saxlamaq üçün nə qədər vaxt sərf edəcəyindən əmin deyiləm, amma maşın çox dəbli görünəcək və trasda onu görmək hər kəs üçün xoş olacaq”.

Ayzek Həcər: “Son bir neçə ay ərzində – Red Bull Racing üçün çıxış edəcəyimi bildiyim vaxtdan bəri çoxlu həyəcanlı anlar yaşamışam və 2026-cı ilin rəng çaları ilə ilk tanışlıq ən parlaq məqamlardan biri olub.
İndi hər şey daha real görünməyə başlayır və bu maşının sükanı arxasına keçməyi səbirsizliklə gözləyirəm. Onun yeni, amma eyni zamanda klassik görünüşü xoşuma gəlir. Çox güclü təsir bağışlayır. Bu, mənim üçün yeni bir dövrün başlanğıcıdır və komandanın, eləcə də bütün idmanımızın eyni anda bu mərhələyə qədəm qoyması inanılmazdır.
Detroytda olmaq, rəng çalarını canlı görmək və güc qurğusunun yaradılması prosesində görülən işlərin miqyasını müşahidə etmək mövsümün startını daha da səbirsizliklə gözləməyimə səbəb olur. İndi sadəcə RB22-nin sükanı arxasına keçmək və öz mühərrikimizlə yarışmağa başlamaq istəyirəm”.
Bundan sonra mərasimin ikinci hissəsi başlayıb və o, Racing Bulls maşınına həsr olunub. VCARB 03-ün dizaynında RB22 ilə müqayisədə daha çox fərq diqqət çəkib. Yeni rəng çalarlarını komandanın pilotları Liyam Louson və mövsümün debütantı Arvid Lindblad təqdim edib.

Maraqlı məqamlardan biri də o olub ki, söhbət yalnız yarış mövzuları ilə məhdudlaşmayıb. Lindblad sevimli musiqiçisinin Eminem olduğunu deyib və bu, Detroytda başlayan karyera ilə bağlı olaraq zalda canlı reaksiya yaradıb.
Lyam Louson: “2026-cı ilin rəng çalarlarınn məhz Detroytda təqdim olunması bu anı daha da xüsusi edir. Bu şəhərlə bağlı innovasiya tarixi komandamızın gələcək üçün yaratdıqlarını əslində çox yaxşı əks etdirir.
Ford və Red Bull-un əməkdaşlığı, komandadakı enerji və gələcəkdə böyük nəticələr əldə etmək istəyimiz Racing Bulls üçün çıxışı son dərəcə həyəcanlı edir. Mən hər zamankından daha motivasiyalıyam və bu baxışı trasda nəticələrə çevirmək üçün irəliləməyə hazıram”.

Arvid Lindblad: “Bu an bir qədər sürrealdır. Belə ikonlaşmış məkanda Formula 1 pilotu kimi təqdim olunmaq heç vaxt unutmayacağım bir hadisədir. Komandanın ambisiyaları, yeni güc qurğusu və mənə olan inam çox şey ifadə edir.
Biz bu yeni fəsli birlikdə başlayırıq, öyrənməyə, işləməyə və trasda maksimum gücümü ortaya qoymağa hazıram”.
Sonda pilotlara Faensadan olan komandanın icraçı direktoru Peter Bayer və rəhbəri Alan Permeyn qoşulub və onlar da bir neçə fikir səsləndirib.
Peter Bayer: “Bu təqdimat Racing Bulls-un həm komanda, həm də brend olaraq inkişafını əks etdirir. Detroytda baş verən bu hadisə və Ford ilə tərəfdaşlığımız ambisiyalarımızın və Formula 1 mədəniyyətini daha da irəli aparmaq istəyimizin göstəricisidir”.

Alan Permeyn: “2026-cı ildə Formula 1-də ən ciddi texniki islahatlardan bəziləri həyata keçiriləcək və bu yolun əvvəlində Ford ilə tərəfdaşlıq bizim üçün çox böyük əhəmiyyət daşıyır. Red Bull Ford Powertrains layihəsi dünya səviyyəli mühəndisliyi, innovativ yanaşmanı və yarış DNT-sini birləşdirir və idmanımız yeni dövrə qədəm qoyarkən bizə güclü mövqe tutmaq imkanı verir.
Biz Red Bull Racing ilə sıx əməkdaşlıq edirik, Red Bull ailəsi çərçivəsində yaradılanlarla fəxr edirik və yaxın həftələrdə trasda işləməyə başlayarkən maşınımızda bu mühərrikin olmasından məmnunuq”.