26 Dekabr, 2025 Statistika

Ən çox ötmə Əbu Dabidə olub

Geridə qoyduğumuz mövsümdə dövrənin yekununa görə mövqe dəyişikliyi nəzərə alınmaqla 742 ötmə qeydə alınıb, bu da 2024-cü illə müqayisədə 46 vahid azdır.

Mənfi statistika tək bununla yekunlaşmır. Orta ötmə sayı yarış başına 30,9-a düşüb və bu, hibrid turbomühərriklərə keçiddən sonrakı 12 il ərzində ən aşağı göstəricidir. Ümumiyyətlə, son illərdə ötmələrin artması üçün atılan addımların əksəriyyəti özünü doğrutmayıb. Maşınların ölçülərinin böyüməsi, onların arxasından çıxan kirli hava axını da bu statistikanı kifayət qədər aşağı salıb.

Ən çox ötmə 60 dəfə ilə Əbu Dabidə baş verib və mövsümün son yarışında ilk yarış olan Bəhreyndən cəmi 1 ədəd çox keçid izlənilib. Ən azı isə Monakoda qeydə alınıb. Orada cəmi 4 ötmə olub və hətta DRS də kömək etməyib.

Azərbaycan Qran Prisi bu statistikada 24 yarış arasında 16-cı olub. Şəhər traslarından yalnız Ciddə və Sinqapurdan geri qalan Bakı Şəhər Halqası 25 ötmə ilə Mayami, Las Veqas, Qətər və Monakonu üstələyib. Keçidlərə imkan verən məşhur Spa trasında da elə şəhərimizin trasındakı qədər ötmələr qeydə alınıb.

Share: