Hansı ayda neçə yarış baş tutub?
2026-cı ilin ilk yarışı olacaq Avstraliya Qran Prisi 8 martda keçiriləcək və Formula 1 tarixində 1 150-ci, mart ayında baş tutan isə 85-ci yarış olacaq.
Formula 1 tarixində ən erkən yarış 1965-ci və 1968-ci illərdə ilin ilk günündə Cənubi Afrikada keçirilib. Təqvim ilində ən gec keçirilmiş yarış isə 29 dekabr 1962-ci ildə, yenə Cənubi Afrikada baş tutub. Hər iki yarışa Şahzadə Corc trası ev sahibliyi edib.
Yanvar ayında baş tutan yarışların böyük əksəriyyəti çempionatın ilk onilliklərinə və Argentinanın payına düşüb – komandalar adətən bu yarışlara əvvəlki ilin maşınları ilə qoşulublar, yeni maşınlar isə yazda baş tutan mövsümün növbəti yarışına hazır olub.
Formula 1 tarixində bütün yarışların yarıdan çoxu – 611 Qran Pri may–avqust ayları arasında keçirilib. Yanvar–aprel aylarında 201, sentyabr–dekabr aylarında isə 337 yarış baş tutub.
Aylar arasında isə 186 yarışla iyul ayı liderdir. Autsayder isə cəmi 3 yarışla fevral ayıdır ki, bu yarışlardan ikisi Braziliyada (1973, 1979), bisi isə Argentinada (1960) təşkil edilib.
Bakıda keçirilən 9 yarış 3 ay arasında bölünüb. Bakı Şəhər Halqası 4 dəfə iyun (2016, 2017, 2021, 2022), 3 dəfə aprel (2018, 2019, 2023), 2 dəfə isə sentyavr ayında (2024, 2025) yarışa ev sahibliyi edib.
