25 Dekabr, 2025 Xəbərlər

Motor qalmaqalının sonu necə olacaq?

Bir neçə gündür ki, bütün avtoidman icması Formula 1-də yeni nəsil motorlara keçidlə bağlı yaranan qalmaqa barədə danışır.

Məlum olduğu kimi, Mercedes High Performance Powertrains və Red Bull Powertrains istehsalçıları reqlamentdə “boz” zona tapıb və mühərriklərin işləmə zamanı sıxılma nisbətini 18:1 səviyyəsində təmin edib, halbuki reqlament maksimum 16:1 dəyərinə icazə verir.

Federasiyanın qüvvədə olan prosedurlarına uyğun olaraq sıxılma dərəcəsi ətraf mühit temperaturunda statik şəkildə ölçülür. Ölçmə anında Mercedes və Red Bull mühərrikləri icazə verilən çərçivədə sıxılma nisbəti göstərir, lakin iş prosesi zamanı daha yüksək daxili temperatur mühərrik komponentlərinin genişlənməsinə, silindr həcminin artmasına və sıxılma nisbətinin 18:1-ə qədər yüksəlməsinə səbəb olub ki, bu da motorun qüvvəsini təxminən 15 at gücü artırıb.

Bu vəziyyətlə əlaqədar Ferrari, Audi və Honda nümayəndələri FİA-ya müraciət edib və məsələnin araşdırılmasını xahiş edib. İtaliya mətbuatının yazdığına görə, federasiyanın Mercedes və Red Bull-un həllinə dair heç bir sualı yaranmayıb, çünki otaq temperaturunda aparılan ölçmələr zamanı sıxılma dərəcəsi reqlamentin tələblərinə uyğun gəlib və yüksək temperaturda əldə olunan göstəricilərin daha böyük olması əhəmiyyət daşımır.

Beləliklə, mənbənin sözlərinə görə, Mercedes və Red Bull güc qurğularının reqlamentə uyğun olması FİA tərəfindən təsdiqlənib və onların qarşıdakı mövsümdə istifadəsinə icazə verilib. Qeyd etdiyimiz kimi, federasiya otaq şəraitindəki nəticələri əsas götürür və onları leqal olaraq qəbul edir. Lakin Ferrari, Honda və Audi iddia edirlər ki, bu yanaşma Texniki Reqlamentin 1.5-ci maddəsini pozur -bu maddə yarış həftəsonu ərzində avtomobillərin hər zaman qaydalara riayət etməsini tələb edir.

Mübahisə yalnız güc fərqləri ilə məhdudlaşmır. Federasiya 2026 mövsümündə hər altı yarışda daxili yanma mühərriklərinin performansını ölçməyi planlaşdırır. Ən yaxşı mühərriklə digərləri arasında 2% güc fərqi yaranarsa, geridə qalan istehsalçılara əlavə inkişaf hüquqları veriləcək. Fərq 4%-i keçərsə, bu hüquq ikiqat artacaq.

Mənbələr bildirir ki, digər istehsalçılar dəyişikliklərin tətbiqi üçün uzun müddət tələb olunduğunu nəzərə alaraq, mühərriklərində yenilikləri yalnız 2027-ci ildə edə biləcək. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, güc qurğuları hələ yekun omoloqasiyadan keçməyib, buna görə də mövsümün startına qədər kimsə konstruksiyaya operativ dəyişiklik etməyə cəhd göstərə bilər.

Bəzi istehsalçılar ənənəvi tökmə metodlarından imtina edərək 3D çap texnologiyasından istifadə edirlər. Bu üsul olduqca mürəkkəb quruluşlara malik hissələrin sürətli istehsalına imkan verir. Bu o deməkdir ki, Mercedes və Red Bull-un izindən gedərək, performans fərqi qismən aradan qaldırmaq mümkün ola bilər.

Lakin, hər bir texniki dəyişiklik dözümlülük riski yaradır. Mühərriklərin minimum 6 yarış ömrü ilə sınaqdan keçirildiyini nəzərə alsaq, yanma kamerasına düzəliş bütün sınaq prosesini yenidən başlada bilər. Bundan əlavə, bu cür müdaxilələr mühərrik istehsalçılarını büdcə limitlərinə qədər itələyə bilər.

Buna görə də, bəzi brendlərin Mayami Qran Prisində ilk performans qiymətləndirməsini gözləməsi, digərlərinin isə gecikmədən aqressiv inkişaf etdirməsi gözlənilir. Hətta “ikinci yanma kameraları” adlandırılan radikal həllər də artıq meydançada müzakirə olunur.

Nəzərə alsaq ki, vəziyyət cəmi bir neçə gün əvvəl ictimailəşib, istehsalçılar isə bu barədə artıq bir neçə aydır məlumatlı olub, demək olar ki, FİA-nın Mercedes və Red Bull-un yanaşmasında qayda pozuntusu görməyəcəyi ehtimalına qarşı əvvəlcədən həll yolları üzərində işləyiblər.

Share: