6 Aprel, 2026 Avstraliya Qran Prisi

Albert Parkda növbəti yenidənqurma işləri başlayıb

Plan üzrə Albert Park Circuit trasında növbəti genişmiqyaslı yenidənqurma mərhələsi başlayıb.

Ətraf ərazidə arxeoloji və ekoloji ekspertiza aparıldıqdan sonra 1995-ci ildən bəri komandaların boksları yerləşən bina sökülməyə başlanıb.

Yeni müasir kompleksə bokslar, yarış idarəetmə mərkəzi, qonaq zonaları və mətbuat mərkəzi daxil olacaq. Bundan əlavə, yeddi örtülü idman meydançası, kafe və restoranlar da nəzərdə tutulub. Yeni kompleksin 2028-ci ildə keçiriləcək Avstraliya Qran Prisinə qədər hazır olması planlaşdırılır, Gələn il üçün isə yeni bokslar və müvəqqəti Paddock Club obyekti tikiləcək.

Xatırladaq ki, 2022-ci ildə də trasda əsaslı işlər aparılmış, konfiqurasiya bir qədər dəyişdirilmişdi.

Albert Park Formula 1 təqviminə ilk dəfə 1996-cı ildə daxil olub və o vaxtdan bəri koronavirus pandemiyasının tüğyan etdiyi 2020-ci və 2021-ci illər istisna olmaqla, bütün illərdə yarışa ev sahibliyi edib.

Share: