Ferstappenin Red Bull-dan vaxtından əvvəl ayrılma şərtləri məlum olub
Maks Ferstappenin Red Bull Racing ilə müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub və dördqat dünya çempionu son müsahibəsində ona sona qədər sadiq qalmağı planlaşdırdığını təsdiqləyib.
Almaniyanın Bild nəşri Maksın müqaviləsində hansı şərtlərin yer aldığını və onların baş verməsi halında niderlandlı sürücünün komandadan vaxtından əvvəl ayrıla biləcəyini öyrənib.
Əgər Maks bu il avqustdakı yay fasiləsinə qədər şəxsi hesabda ikinci yerdən aşağı mövqedə olarsa, ilin sonunda Red Bull Racing-dən ayrıla bilər. Bu halda Maks müqavilənin bu bəndindən istifadə etməyə qərar verərsə, vaxtından əvvəl xitam üçün komandaya kompensasiya ödəməli olmayacaq.
Ferstappenin 2027-ci ildə də Red Bull Racing-dən ayrılmaq imkanı olacaq – əgər Maks yay fasiləsinə qədər şəxsi hesabda lider olmazsa, müqavilə ləğv edilə bilər.
Ferstappen bu cür özünə sərfəli müqavilə şərtlərinə görə Helmut Markoya borcludur. Məhz o, sürücünün adından Red Bull rəhbərliyi ilə danışıqları aparıb və bu bəndlərin müqaviləyə daxil edilməsində israr edib.
Göründüyü kimi, Ferstappen bu ilin yayında ən azı ikinci, gələn ilin yayında isə birinci olmazsa, komanda onun ayrılığına mane ola bilməyəcək. Bəs Red Bull-dakı karyerası boyunca Ferstappen yay fasilələrinə neçənci yerdə çıxıb?
2016

2016-cı ilin ilk 4 yarışını Toro Rosso-da keçirən Maks İspaniya Qran Prisindən etibarən Red Bull komandasına keçib. Yeni komandası ilə ilk yarışında qalib gəlib. Yay fasiləsinə qədər ümumilikdə 4 dəfə podiuma yüksəlib və istirahətə çempionatda 6-cı yerdə yollanıb. Yekunda isə mövsümü 5-ci sırada tamamlayıb.
2017

Bu, niderlandlı sürücünün Red Bull ilə keçirdiyi ən zəif ilk yarımildir. 11 yarışda qələbə qazana bilməyən sürücü yalnız bir dəfə – Çində podiuma yüksəlib. Bu 11 yarışın 5-ni isə başa vura bilməyib. Mövsümün ikinci hissəsində qazandığı 2 qələbə də ilin sonunda onu 6-cı yerdən irəli daşımayıb.
2018

Ferstappen 2018-ci ilin ilk yarısını da əvvəlki iki ildə olduğu kimi, 6-cı yerdə tamamlayıb. Bu müddətdə 1 qələbə və 4 podium nailiyyəti olub. Lakin ilin ikinci hissəsindəki sabit çıxışı yekunda dördüncülüklə nəticələnib.
2019

Maks 2019-cu ildə yay fasiləsinə qədər olan bütün yarışları ilk 5-likdə tamamlamağı bacarıb. Bunlardan ikisini isə qələbəyə çevirib. Hər nə qədər mövsümün ikinci hissəsində 2 dəfə yarışı yarımçıq saxlamalı olsa da, sonda çempionatdakı üçüncülüyünü qoruya bilib.
2020-ci ildə koronavirus pandemiyasına görə mövsüm gec başlayıb və yay fasiləsi olmayıb.
2021

Mövsümün ilk hissəsində tamamladığı bütün yarışlarda ən azı 2-ci olan Ferstappen 5 dəfə qələbə qazanıb. Fasiləyə həmin il çempionluq mübarizəsində olduğu Həmiltonun arxasında ikinci yerdə yollansa da, ilin sonunda, mövsümün son dövrəsində çempionluğu əldə edib.
2022

İlin əvvəlində Ferrari-dən Leklerlə olan mübarizəsinə baxmayaraq, ilk 13 yarışda 8 dəfə qalib gələ bilib. Mövsümün ikinci hissəsində isə ümumiyyətlə rəqabətdən söhbət getməyib və ardıcıl ikinci çempionluğunu əldə edib.
2023

Rekordlar ili olan 2023-cü ilin yay fasiləsinə qədər olan ilk 12 yarışının hamısını ilk ikilikdə başa vuran Maks 10 dəfə qalib gəlib. Rekord sayılan ardıcıl 10 qələbənin 8-i də məhz mövsümün ilk hissəsinə düşüb.
2024

Əvvəlki iki ildəki komfort zonası 2024-cü ildə olmayıb – hər nə qədər ideal bir ilk hissə keçirsə də, Mayami yarışından etibarən McLaren rəqabətədavamlı maşın ərsəyə gətirə bilib. Mövsümün ikinci hissəsində cəmi 2 qələbə qazansa da, əvvəldən açdığı xal fərqini əritmək mümkün olmayıb və ardıcıl 4-cü titul qazanılıb.
2025

Geridə qoyduğumuz mövsümdə xüsusilə ilk hissədə çempionluq yarışına imkan verməyən maşınla cəmi 2 qələbə qazanmaq mümkün olub. İlk 14 yarışın cəmi 5-də podiuma yüksələ bilən Fertappen mövsümün ikinci hissəsində bütün yarışları ilk üçlükdə başa vurub, çempionluğu isə cəmi 2 xalla əldən verib.