23 Yanvar, 2026 Xəbərlər

Alpine yeni rəng çalarlarını təqdim edib

Alpine A526-nın təqdimatı Maranelloda keçirilən oxşar tədbirdən demək olar ki, dərhal sonra baş tutub, lakin daha təntənəli şəkildə təşkil edilib.

Renault konserninin zavod komandası ilə bağlı tədbir Barselona limanında lövbər salmış World Europa kruiz laynerinin göyərtəsində keçirilib. Bunun səbəbi MSC Cruises şirkətinin Alpine-in əsas tərəfdaşlarından biri olmasıdır.

Komanda vurğulayıb ki, yalnız yeni maşının rəsmi rəng çalarları təqdim edilib və mütəxəssislər dərhal diqqət yetiriblər ki, A526-nın üzərindən Pyer Qasli və Franko Kolapinto tərəfindən ritmik musiqi və işıqların müşayiəti ilə götürülən örtüyün altında şou-kar yer alıb. Əsl maşını isə yalnız testlərdə görəcəyik.

2026-cı ildə komandanın qarşısında duran vəzifələr barədə növbə ilə Flavio Briatore, komandanın pilotları, eləcə də icraçı direktor Stiv Nilsen və texniki direktor David Sançes danışıb.

Alpine bu ildən Mercedes güc qurğularından istifadə edir və bu, Enstoundan olan komanda üçün qarşıdakı mövsümün ən vacib xüsusiyyətlərindən biri olacaq.

Komanda çətin keçən 2025-ci il mövsümündən sonra irəliyə doğru ciddi addımlar atmağa ümid edir – keçən il Mühəndislər Kubokunda cəmi 22 xalla sonuncu yeri tutublar və ən yaxın rəqibi Kick Sauber-dən 48 xal geri qalıblar.

Flavio Briatore: “Bu gün BWT Alpine Formula One Team üçün yeni bir fəsilin başlanğıcını ifadə edir. Formula 1 tarixində şübhəsiz ki, unikal olacaq bir mövsümə hazırlaşarkən Barselonada, tərəfdaşımız MSC Cruises ilə birlikdə MSC World Europa-nın göyərtəsində mövsümə başlamaqdan böyük məmnunluq duyuram. Xüsusilə bizim üçün yeni texniki reqlamentlər fonunda bu mövsüm böyük imkanlar açır, çünki hər şey təmiz vərəqdən başlayır və bu da əvvəlki illərlə müqayisədə daha rəqabətli olmaq üçün əla fürsətdir.

Mövsümə hazırlıq çərçivəsində Enstoundakı zavodda son aylar son dərəcə intensiv keçib. Biz Mercedes-AMG ilə birlikdə A526-nı dizayn edib yaratmışıq. Mercedes-AMG bu mövsümdən etibarən yeni güc qurğusu və ötürmələr qutusunu təmin edir və bu tərəfdaşlıq bizi həqiqətən həyəcanlandırır.

Bu tədbirdə titul sponsorumuz BWT, ev sahiblərimiz MSC Cruises və premium sponsorumuz Eni daxil olmaqla bu qədər çox tərəfdaşımızın bizimlə bir arada olması, məhz burada rəng çaramızı təqdim etməyimiz möhtəşəmdir. Həm yeni, həm də mövcud tərəfdaşlarımıza komandaya göstərdikləri sadiqliyə görə təşəkkür edirəm, xüsusilə də ötən il trasda yaşadığımız çətinliklərdən sonra.”

Alpine 2026-cı il üçün özünəməxsus mavi və çəhrayı rəng çarasını saxlayır. Ötən mövsüm komandanın bütün xallarını toplayan Pyer Qasli Alpine-də dördüncü ilində əsas pilot rolunu davam etdirir və komanda ilə daha rəqabətli formaya qayıtmağı hədəfləyir.

Pyer Qasli: “Deməliyəm ki, bu mövsüm üçün həqiqətən çox həyəcanlıyam. Bu, həm komanda, həm də biz pilotlar üçün böyük fürsətdir. Mövsüm çox texniki olacaq, öyrənilməli və uyğunlaşılmalı çox şey var, amma bu, həyəcanvericidir. Günün sonunda hamımız qalib gəlmək istəyirik. Komanda qış dövründə əllərindən gələni edib və mümkün olan ən yaxşı hazırlığı görüb.

Aydındır ki, ötən il kifayət qədər çətin idi, amma düşünürəm ki, bu, bizi komanda olaraq daha da yaxınlaşdırdı. Biz hamımız birlikdə gördüyümüz işə daha dərindən fokuslandıq və bu da bizi daha güclü mövqeyə gətirdi. Ortaya qoya biləcəyimiz potensiala çox nikbin baxıram və ümid edirəm ki, bu layihə üzərində çalışan, bizi dəstəkləyən hər kəs – tərəfdaşlarımız və bütün komanda – layiq olduqları nəticələri verən bir maşına sahib olacaq”.

Franko Kolapinto: “Karyeramda ilk dəfədir ki, testlərdən və ilk yarışdan başlayaraq tam mövsüm üçün ciddi bir mövsümlərarası hazırlıq keçmişəm. Bu, mənim üçün çox vacibdir, çünki özümü layihənin real bir hissəsi kimi hiss edirəm və bu, lap əvvəldən komandadakı hər kəslə birlikdə çox işləməyə imkan verir.

Maşını görmək və simulyatorda hazırlaşmaq üçün yaxşı imkanımız olub. Əlbəttə ki, bu, indiyə qədər yaşadıqlarımdan tamamilə fərqlidir və düşünürəm ki, start düzümündəki əksər pilotlar üçün də vəziyyət eynidir. Paketdən maksimum nəticə almaq üçün öyrənilməli yeni məqamlar və yeni tapşırıqlar var və mən bunu həqiqətən möhtəşəm bir sınaq kimi görürəm”.

Share: