Williams komandası 26–30 yanvarda Barselonada keçiriləcək ilk testləri buraxacağını təsdiqləyib.
Bunun rəsmi səbəbi “FW48 layihəsində gecikmələr” kimi göstərilib. Qeyri-rəsmi olaraq isə komandanın FIA-nın məcburi kraş-testlərindən keçməklə bağlı problemlərlə üzləşməsi səbəb göstərilir.
Qeyd edək ki, bir neçə ispan və alman nəşri Williams FW48-in yeni şassisinin FIA-nın məcburi kraş-testlərindən ilk cəhddə keçmədiyini bildirib.
Bu testlərdə maşının təhlükəsizlik sistemləri yoxlanılıb və monokokun ön, arxa və yan zərbələr zamanı bütövlüyünü qoruyub-qoruyamadığı qiymətləndirilib. Ümumilikdə şassi təxminən iyirmiyə yaxın müxtəlif testdən keçir, bu sınaqlar zamanı maneələrlə toqquşmalar imitasiya edilib. Kraş-testlərdən keçmədən maşın trasda hərəkət edə bilməz.
Williams-ın planlarına görə testlər bir neçə gün əvvəl tamamlanmalı olub, lakin təsdiqlənməmiş məlumatlara əsasən bu hələ baş verməyib.
Britaniya komandasında şayiələr rəsmi şəkildə şərh edilməyib. Eyni zamanda Williams-ın mətbuat xidmətindən şassinin kraş-testlərdən keçdiyinə dair hər hansı açıqlama da verilməyib.
Komandanın yaydığı açıqlamada deyilir ki, Williams komandası FW48 layihəsi üzərində işdə yaranmış gecikmələr səbəbindən gələn həftə Barselonada keçiriləcək testlərdə iştirak etməmək qərarı verib. Açıqlamada vurğulanır ki, məqsəd maşını mümkün qədər sürətli etməkdir.
Barselonaya səfər əvəzinə komanda bir sıra testlər keçirəcək, o cümlədən 2026-cı il maşınının virtual trasda sınaqları aparılacaq ki, Bəhreyndə baş tutacaq ilk rəsmi testlərə və Melburndakı mövsümün ilk yarışına hazırlaşmaq mümkün olsun.
Komanda gələn həftə yenidən trasda olmağı səbirsizliklə gözləyir və azarkeşlərə dəyişməz dəstəyə görə təşəkkür edir. 2026-cı ildə isə çoxlu maraqlı məqamlar gözlənilir.
Bu, Williams-ın yaxın tarixində ilk belə hal deyil. 2019-cu ildə də komanda testlərin startına maşını hazır etməyə vaxt tapmamışdı və iki gün yarımı buraxmışdı.