16 Fevral, 2026 Xəbərlər

Barselona trası ilə müqavilə uzadılıb

İspaniya 2026-cı ildən sonra da iki Formula 1 mərhələsinə ev sahibliyi etməyə davam edəcək. FOM ilə bütün zəruri razılaşmalar əldə olunub və Kataloniya trası 2032-ci ilə qədər çempionatın təqvimində qalacaq.

Lakin bu ildən Barselona-Kataloniya Qran Prisi adlanacaq yarış Belçika Qran Prisi ilə növbəli şəkildə keçiriləcək. Belə ki, ispanlar 2028, 2030 və 2032-ci illərdə yarışı qəbul edəcək, 2027, 2029 və 2031-ci illərdə isə növbə Spa trasında olacaq.

Müqavilənin uzadılması son illərdə trasda həyata keçirilən əhəmiyyətli işlərdən sonra baş verib. Bunlara 9, 10 və 11-ci döngələrə, eləcə də əsas düzlüyün girişinə baxan qonaqlar üçün yeni xüsusi məkan olan Circuit Rooftop-un tikintisi və bütün ərazi boyunca günəş panellərinin quraşdırılması daxildir.

1991-ci ildə Barselona Olimpiya Oyunları çərçivəsində inşa olunan Circuit de Barcelona-Catalunya həm sürətli, həm də yavaş döngələrin maraqlı kombinasiyası ilə seçilir və bir çox yaddaqalan anlara ev sahibliyi edib. Keçən il isə yarış həftəsonunu 300 min tamaşaçı tribunlardan izləyib.

Son illərdə təşkilatçılar azarkeş təcrübəsini yaxşılaşdırmaq və yerli ictimaiyyəti daha fəal şəkildə cəlb etmək üçün addımlar atıblar. Son iki ildə Qran Pri həftəsonu ərəfəsində şəhərin mərkəzində – məşhur Plaça de Catalunya meydanında azarkeş festivalı təşkil olunub və bu tədbir 2026-cı ildə də geri qayıdacaq.

Stefano Domenikali: “Barselona möhtəşəm şəhərdir və yerli azarkeşlər bizi hər zaman çox isti qarşılayıblar. Buna görə də qarşıdakı illərdə də Circuit de Barcelona-Catalunya-da yarış keçirməyə davam edəcəyimizi elan etməkdən məmnunam.

Avtodrom rəhbərliyi infrastrukturun modernləşdirilməsinə ciddi sərmayə yatırır və azarkeşlər üçün əsl avtoidman bayramı yaradır. Biz bu əməkdaşlığı davam etdirməkdən məmnunuq və layihənin həm şəhər, həm də ictimaiyyət üçün necə inkişaf edəcəyini görmək istəyirik.

Kataloniya hökumətinin rəhbəri Salvador İlla və avtodromun icraçı direktoru Pol Jibertə Formula 1 yarışının katalon trasında qalması üçün göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm”.

Pol Jibert: “Formula 1 ilə müqavilənin ən azı 2032-ci ilə qədər uzadılmasını məmnuniyyətlə qarşılayırıq. Çempionat rəhbərliyinə həm trasımıza, həm də regionumuza göstərdikləri uzunmüddətli etimada görə təşəkkür edirik.

Bu uzadılma möhkəm tərəfdaşlığımızın və sıx əməkdaşlığımızın nəticəsidir və Kataloniyanın beynəlxalq tədbirlər təqvimində mövqeyini daha da gücləndirmək üçün mühüm addım olacaq.

Formula 1 ilə əməkdaşlıq hər il 300 milyon avrodan çox iqtisadi effekt yaradır, lakin ən vacibi odur ki, Qran Pri bütün Kataloniya üçün strateji əhəmiyyət daşıyır və regionun ən yüksək səviyyəli yarışlara ev sahibliyi edə biləcəyini nümayiş etdirir”.

Barselona 1991-ci ildən etibarən fasiləsiz olaraq F1-i qəbul edib. Burada ilk qələbəni Naycel Mansell, hələlik son qələbəni isə Oskar Piastri qazanıb. Bu trasda ən çox qələbə qazanmış sürücülər hərəyə 6 dəfə ilə Mixael Şumaxer və Lyuis Həmiltondur. Aktiv sürücülərdən Maks Ferstappenin 4, Fernando Alonsonun 2, Oskar Piastrinin isə 1 qələbəsi var.

Share: