3 Fevral, 2026 Analizlər

Şeykdaunda müşahidə edilən texniki yeniliklər

Böyük yeniliklərin tətbiq edildiyi 2026-cı il mövsümünü başlamış hesab edə bilərik. Artıq komandalar maşınları və rəng çalarlarını təqdim ediblər, hətta Barselonada qapalı qapılar arxasında baş tutan beşgünlük testlərdə onları yoxlamağa da imkan tapıblar.

Yeni mövsümdə ən çox maraq doğuran məsələlərdən biri də komandaların yeni reqlamentdə hansı həllərə müraciət etməsi və bunların necə nəticə verməsidir. Məşhur italyan jurnalist Corcio Piolanın texniki araşdırmalarını təqdim edirik.

2026 mövsümünün startı qapalı qapılar arxasında belə, gözləntiləri doğruldub. FIA tərəfindən təqdim olunan qaydalar inqilabı F1 dizaynerlərinin yaradıcılığını azad buraxıb və nəticədə son dərəcə müxtəlif və yeni radikal həllər – yaxın keçmişdən geri qayıdan konsepsiyalar ortaya çıxıb. Yeni, sərt şəkildə məhdudlaşdırılmış reqlamentlər əslində dünənə qədər qadağan olunmuş anlayışlara qapı açıb.

Həcmli “wing car” konsepsiyası ləğv edildikdən sonra pilləli döşəmə geri qayıdıb, diffuzor kanalları isə yalnız arxa hissədə məhdudlaşdırılıb. Bunun əvəzində yan pantonların önündə barjbordlara yenidən icazə verilib – məqsəd “outwash” effektini azaltmaqdır. Lakin artıq İspaniyadakı bu testlərdən bəlli olub ki, bu məhdudiyyətdən yan keçməyin yolları var. Eyni yanaşma ön qanadın yan lövhələrinə də aiddir.

Aerodinamik detalları dərindən təhlil etməyin böyük mənası yoxdur: çoxlu həllər bilərəkdən gizlədilir və ya çaşdırıcı göstərilir, üstəlik yüksək keyfiyyətli fotolar çox azdır. Bu isə nümayiş etdirilən ekstremal və müxtəlif konsepsiyaların bolluğu fonunda təəssüf doğurur. Aparıcı komandaların demək olar ki, hamısı keçmişdən tam qopmanı ifadə edən maşınlar çıxarıb. Yüksək keyfiyyətli real fotolarla daha yaxından müşahidə edə bildiyimiz ilk maşın Ferrari olub.

SF-26 qış fasiləsində əsas müzakirə mövzusu olan şayiəni dərhal təsdiqləyib – ön asılqanda “pull-rod” əvəzinə “push-rod” sxeminə qayıdılıb və bu, olduqca ekstremal konfiqurasiyada həyata keçirilib. Böyük ehtimalla şassinin forması təkmilləşdirilib, amma ən əsası, sükan mexanizmi arxaya doğru köçürülüb və onun dartı çubuğu təkəri şassiyə bağlayan asılqan sisteminin A-şəkilli qolu ilə birlikdə hava axınını yan pantonlara yönəldən bir növ “bələdçi ox” formalaşdırır.

SF-26 mühərrik hava girişi baxımından ümumi tendensiyaya ziddir. Ferrari bütün peleton üzrə ən kiçik hava girişi korpusundan istifadə edib – üçbucaqlı kəsiklə və 2020-ci ilin SF-1000 modelini xatırladan formada. Rəqiblər isə əksinə, hava girişlərini xeyli böyüdüblər; Racing Bulls bu ideyanı hətta ifrat səviyyəyə çatdırıb.

Bu, xüsusilə də Ferrari mühərrikindən istifadə edən digər komandaların hava girişi korpusunun ölçüsünü böyütməsini nəzərə alsaq, riskli seçimdir. Bununla belə, sürücünün başının dərhal arxasında yerləşən ikinci, dar düzbucaqlı hava girişi də mövcuddur.

Oxşar, hətta daha radikal yanaşma 2014–2015-ci illərdə Toro Rosso tərəfindən istifadə olunmuşdu. STR10 modelində əsas hava girişi çox böyük idi, lakin onun altında əlavə bir giriş yerləşirdi və bu, tərs V formalı radiatoru soyudurdu.

Hava girişi korpusunun bu forması son dərəcə dar mühərrik örtüyü ilə uyğunluq təşkil edir, çünki bütün radiator paketləri əvvəlki Ferrari-lərdə olduğu kimi, yan pantonların daxilində yerləşdirilib. Keçmişdən qayıdan digər maraqlı həll isə SF-23-dəki “bypass” kanalıdır. Şaquli hava girişi vasitəsilə hava yan pantonların altından yuxarı hissəyə ötürülür və maşının mərkəzi hissəsində axının səmərəliliyi artırılır. Bu, təqdim olunduğu vaxt tamamilə yeni yanaşma idi və son iki mövsümdə bir çox komandalar tərəfindən qəbul edilib. SF-26-da bu kanal böyüdülərək ikiqat funksiyalı hala gətirilib. Maraqlıdır ki, oxşar şaquli yarıq Mercedes-in W17 modelində də görünür.

Burada da son dərəcə radikal bir maşınla qarşılaşırıq, lakin hələ Melburn üçün yekun spesifikasiya deyil. Digər tərəfdən, McLaren MCL40 demək olar ki, ilk yarışa hazır təsiri bağışlayıb. Burnu 2014-cü ilin MP4/29 modelindəki “snub nose” dizaynını xatırladır, şassi forması və xüsusilə ön asqı quruluşu isə olduqca aqressivdir.

Şassi ön balkhed hissəsində qaydaların icazə verdiyi maksimum hündürlüyə qədər qaldırılıb. Ön asılqan push-rod və aşağı multilink sxemi ilə qurulub, arxa qolun çox geridə yerləşdirilməsi və əyləc zamanı maşının ön hissəsinin aşağı çökməsinin qarşısını alan güclü “anti-dive” xüsusiyyəti diqqət çəkir.

Son anda Adrian Nyuinin Aston Martin-i də trasda görünməyə başlayıb. Maşında 2005-ci ilin McLaren MP4/20 modelini xatırladan məşhur “vikinq buynuzları” dərhal seçilir.

Xüsusilə yuxarı asılqanın arxa qolunun montaj nöqtəsi çox yüksəkdə yerləşdirilib və birbaşa arxa qanad dayağına bağlanıb – bu həll qismən 2021-ci ilin RB16B modelini xatırladır.

Bu qısa icmalda yalnız ilk baxışda diqqət çəkən əsas məqamlara toxunduq. Bahreyndə maşınları daha yaxından görmək mümkün olacaq. Ardınca isə güc qurğuları, aktiv aerodinamika, əyləc sistemləri ilə bağlı yeniliklər gündəmə gələcək. Texniki detalları sevənlər üçün 2026 mövsümü artıq indidən əsl ziyafət vəd edir.

Share: