FIA güc qurğuları ilə bağlı səsvermə başladıb
Ciddi reqlament dəyişikliklərinin tətbiq edildiyi bu il əsas müzakirələrdən biri güc qurğuları və Mercedes-in tapmış olduğu həlldir. Bununla bağlı Formula 1-in güc qurğuları üzrə Məsləhət Komitəsi bu gün Bəhreyndə toplanıb.
Mövcud reqlamentə əsasən sıxılma dərəcəsi ətraf mühit temperaturunda ölçülür, lakin digər istehsalçılar – Ferrari, Audi, Honda və Red Bull hesab edirlər ki, Mercedes HPP mühərriki işlədiyi zaman isti vəziyyətdə 16:1 yox, 18:1 nisbətini təmin edir. Buna görə də, sözügedən istehsalçılar ölçmə metodikasının dəyişdirilməsində israr edirlər.
Federasiya iclasın yekununda 2026-cı il avqustun 1-dən etibarən ölçmə metodikasının dəyişdirilməsi məsələsini elektron səsverməyə çıxarıb.
Rəsmi açıqlamada bildirilir: “Federasiya son həftələr və aylarda güc qurğuları istehsalçıları ilə birlikdə sıxılma dərəcəsinin ətraf mühit və iş şəraitindən asılı olaraq dəyişməsinin kəmiyyət qiymətləndirilməsi metodikasını hazırlayıb. Bu yanaşma yoxlanıldıqdan sonra təklif irəli sürülüb ki, 1 avqust 2026-cı ildən etibarən sıxılma dərəcəsinin limitə uyğunluğu təkcə ətraf mühit temperaturunda deyil, həm də 130°C-lik iş temperaturunda təsdiqlənməlidir.
Təklif güc qurğuları istehsalçılarının səsverməsinə çıxarılıb. Nəticələrin növbəti 10 gün ərzində açıqlanması gözlənilir. Formula 1 reqlamentində bütün dəyişikliklərdə olduğu kimi, hər hansı yenilik FIA-nın Ümumdünya Avtoidman Şurası tərəfindən yekun təsdiq almalıdır”.