İkinci qış testləri: Antonelli Mercedesin uğurlu çıxışını davam etdirib
Testlərin hər keçən günü nasazlıqların artması təəccüb doğurub. Ötən həftə komandalar yarış məsafəsini inamla qət edərək etibarlılığı təmin etdiklərini göstərmişdilər, lakin sürət üzərində iş başlayandan və maşınlar daha çox yüklənəndən sonra problemlər də artıb.
Bu həftə açıq-aşkar etibarlılıq problemi yaşamayan yalnız McLaren, Mercedes və Williams olub. Digər komandalar bəzən gün ərzində böyük məsafə qət etsələr də, təmir fasilələri qaçılmaz olub. Üç komanda – Aston Martin, Audi və Cadillac isə hələlik aydın şəkildə geri qalır. Yeni komandadan möcüzə gözlənilməsə də, Adrian Nyui tərəfindən hazırlanmış yeni Aston Martin maşınına və son illər komandaya yatırılmış böyük investisiyalara görə gözləntilər çox yüksək olub.
Aston Martin üçün gün əvvəlki kimi – qırmızı bayraqlar və evakuator üzərində qayıdan maşınla yenə vaxtından əvvəl başa çatıb. AMR26 həm sürət, həm də etibarlılıq baxımından geri qalır və Bəhreyndəki beş test günü ərzində ən az dövrə vuran maşındır. Komanda tərəfindən açıq şəkildə etiraf edilib ki, problemləri tez həll etmək mümkün deyil və bu müddətdə rəqiblər daha da irəliləyə bilər.
Ferrari üçün də gün uğursuz keçib. Dünən vaxt itirən Lyuis Həmilton bu gün ilk sessiyanı tam buraxıb – nasazlığı aradan qaldırmaq üçün maşın tam sökülüb və o, yalnız günortadan sonra trasa çıxa bilib.
Gün ərzində FIA hər sessiyanın sonunda sürücüləri yenilənmiş start prosedurunu sınaqdan keçirməyə çağırıb. Yeni prosedura işıq panellərində mavi siqnal və turbinin fırlanması üçün beş saniyəlik fasilə daxil edilib. Hər iki halda xırda nasazlıqlar yaşanıb və qaydalara yenidən düzəliş edilməsinin lazım ola biləcəyi ehtimal olunur.
Protokola Kimi Antonelli başçılıq edib – gənc sürücü 1:32.803-lik nəticə göstərib və bu, testlərin hələlik ən yaxşısı olub.
Qış test proqramı Həmilton, Elbon, Louson, Alonso və Kolapinto üçün başa çatıb. Digər sürücülər testləri növbəti gün yekunlaşdıracaqlar.
| № | Sürücü | Komanda | Nəticə | Fərq | Dövrə | Təkər |
| 1 | Kimi Antonelli | Mercedes | 1:32.803 | – | 80 | С3 |
| 2 | Oskar Piastri | McLaren | 1:32.861 | + 0.058 | 86 | С3 |
| 3 | Maks Ferstappen | Red Bull | 1:33.162 | + 0.359 | 139 | С3 |
| 4 | Lyuis Həmilton | Ferrari | 1:33.408 | + 0.605 | 84 | С3 |
| 5 | Lando Norris | McLaren | 1:33.453 | + 0.650 | 72 | С4 |
| 6 | Franko Kolapinto | Alpine | 1:33.818 | + 1.015 | 120 | С5 |
| 7 | Niko Hülkenberq | Audi | 1:33.987 | + 1.184 | 73 | С4 |
| 8 | Corc Rassell | Mercedes | 1:34.111 | + 1.308 | 77 | С3 |
| 9 | Esteban Okon | Haas | 1:34.201 | + 1.398 | 61 | С4 |
| 10 | Lyam Louson | Racing Bulls | 1:34.532 | + 1.729 | 106 | С4 |
| 11 | Aleksander Elbon | Williams | 1:34.555 | + 1.752 | 117 | С5 |
| 12 | Qabrie Bortoleto | Audi | 1:35.263 | + 2.460 | 29 | С3 |
| 13 | Oliver Berman | Haas | 1:35.279 | + 2.476 | 71 | С3 |
| 14 | Serxio Peres | Cadillac | 1:35.369 | + 2.566 | 50 | С5 |
| 15 | Fernando Alonso | Aston Martin | 1:37.472 | + 4.669 | 68 | С3 |
| 16 | Valtteri Bottas | Cadillac | 1:40.193 | + 7.390 | 58 | С1 |