28 Yanvar, 2026 Xəbərlər

Mario İzola Pirelli-dən ayrılacaq

İtaliya mətbuatında yayılan şayiələrə görə, Pirelli-nin avtoidman bölməsinin rəhbəri Mario İzola yaxın aylarda şirkətdən ayrılıb.

Mario paddokda ən pozitiv və hörmət edilən insanlardan biri kimi tanınır. Covid-19 dövründə o, könüllü olaraq təcili tibbi yardım maşınının sürücüsü kimi çalışaraq rəğbət qazanıb, Pirelli-dəki rəsmi vəzifəsində isə hər zaman mətbuatla ünsiyyətə açıq olub.

İtaliya mediasında dərc olunan materiallardan məlum olur ki, Pirelli daxilində aparılan kadr dəyişiklikləri İzolanın rolu və gələcək perspektivləri ilə bağlı suallar yaradıb və bu da onu alternativ imkanları nəzərdən keçirməyə sövq edib.

İzolanın iş yerini dəyişə biləcəyi barədə şayiələr yayılandan sonra İtaliyanın milli avtomobil klubu ACI ona öz idman strukturunda rəhbər vəzifə təklif edib və Mario bu təklifi qəbul edib.

Hazırda Pirelli-də onun varisi təyin edilməyib, lakin gözləntilərə görə, şirkət yeni rəhbəri daxili kadrlar arasından irəli çəkəcək.

Qeyd edək ki, Mario İzola 1996-cı ildə Pirelli-də yol təkərlərinin sınaq sürücüsü və tədqiqat-inkişaf departamentində dizayner kimi işə başlayıb. 2003-cü ildən Ralli və GT yarışları üçün təkərlərin hazırlanmasına rəhbərlik edib.

2011-ci ildə Pirelli F1-in yeganə təkər təchizatçısı olduqda, Mario yarış meneceri təyin edilib. 2017-ci ilin martında isə Pol Hembrinin başqa vəzifəyə keçidindən sonra Pirelli-nin avtoidman üzrə direktoru vəzifəsinə gətirilib.

Share: