23 Fevral, 2026 Avstraliya Qran Prisi

Melburn trasından 2 xanıma jest

Avstraliya Qran Prisinin promouteri olan Australian Grand Prix Corporation (AGPC) maraqlı addım atıb.

Bir çox avtodromlarda motorsport dünyasında iz qoymuş şəxslərin adlarının döngələrə verilməsi ənənəsi var. Haas komandasında Esteban Okonun yarış mühəndisi olan Müller və Red Bull-da yarış strategiyasına rəhbərlik edən Şmits bu şərəfə layiq görülən növbəti şəxslərdir. 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş In Her Corner təşəbbüsü çərçivəsində Albert Park trasının altıncı döngəsinə Formula 1 dünyasının iki qadın nümayəndəsinin adı veriləcək.

Laura Müller və Hanna Şmits Formula 1 tarixində adı hər hansı bir trasın döngəsinə verilən ilk qadınlar olacaqlar. Təntənəli mərasim 5 mart tarixində trasda keçiriləcək. Tədbirdə Müller və Şmitslə yanaşı, qonaqlar və media nümayəndələri də iştirak edəcəklər. Layihənin məqsədi gələcək nəsil mühəndisləri ruhlandırmaqdır.

Müller 2025-ci mövsümün əvvəlində Formula 1 tarixində ilk tamştatlı qadın yarış mühəndisi olub. Esteban Okon onunla işləməyin “möhtəşəm” olduğunu bildirib.

Şmits isə Red Bull ilə uzun illər ərzində müxtəlif sürücülərlə işləyib və xüsusilə 2022-ci və 2023-cü illərdə komandanın uğurlarında əsas fiqurlardan biri olub. Onun strateji qərarları bir çox qələbə və podium nəticələrində həlledici rol oynayıb.

Laura Müller:In Her Corner təşəbbüsü əgər görə bilirsənsə, ola da bilərsən prinsipini təşviq edir. Mühəndislik sahəsində qadınların nailiyyətlərini daha çox işıqlandırmaq çox vacibdir.

Karyeramın bu qədər erkən mərhələsində belə bir təşəbbüsün bir parçası olmaq böyük şərəfdir. Ümid edirəm ki, bu, qızları və gəncləri STEM sahəsində karyera qurmağa motivasiya edəcək. Motorsportda qadınların indiyə qədər əldə etdikləri uğurları tanımaq vacibdir və bunu Hanna ilə birlikdə etmək çox xoşdur”.

Hanna Şmits: “Mən işimi həqiqətən çox sevirəm və əgər sizə də belə seçim imkanı verilirsə, mütləq özünüz üçün doğru sahəni seçin. Mən həmişə əşyaların necə işlədiyinə maraq göstərirdim və avtomobilləri sevirdim. Məktəbdə müəllimlərimin dəstəyi və təşviqi mühəndislik dünyasına baxışımı dəyişdi – onlar mənim ilham mənbəyim oldular.

Keçən mövsüm Qətərdə podiumda komandanı təmsil etmək mənim üçün böyük şərəf idi. Sürücülər çempionluğu uğrunda mübarizədə komandanın necə birləşdiyini görmək xüsusi bir təcrübə idi”.

Share: