19 Yanvar, 2026 Xəbərlər

Haas VF-26-nın dizaynını və rəng çalarlarını təqdim edib

TGR Haas F1 Team bu gün VF-26 bolidinin cəsarətli dizaynını və dinamik yeni rəng çalarlarını təqdim edib.

Formula 1-də 11-ci mövsümünü keçirəcək Amerika komandası VF-26-nı sosial media platformalarında paylaşılan bir sıra rəqəmsal renderlər vasitəsilə nümayiş etdirib. Qırmızı aksentlərlə tamamlanan yeni ağ rəng çalarları Formula 1-in ən son innovativ texniki reqlamentinə uyğun hazırlanmış maşını bəzəyir. Maşınlar daha kiçik, daha yüngül və daha çevik hala gəlirb, aerodinamik yüklənmə və sürtünmə əhəmiyyətli dərəcədə azalıb. VF-26 azaldılmış ölçülərə, daha ensiz Pirelli təkərlərinə malikdir.

2026 mövsümünə doğru komanda tərəfdaşlarının portfeli genişlənib və liveriya ötən ilin dekabrında elan olunan TOYOTA GAZOO Racing (TGR) ilə titul tərəfdaşlığının başlanmasını açıq şəkildə əks etdirir. Bu qurum Toyota Motor Corporation-un avtoidman yarışları və tədqiqat–inkişaf bölməsidir. Yapon şirkəti bu il üçün yeni brend strukturu elan edib, GAZOO Racing və TOYOTA Racing fərqli səlahiyyət sahələri ilə fəaliyyət göstərəcək. TGR Haas F1 Team isə mövsüm boyu TGR brendini üzərində daşıyacaq.

Tərəflər ilk dəfə 2024-cü ilin oktyabrında çoxillik texniki tərəfdaşlığa başlayıb. Titul tərəfdaşlığı Haas F1 Team və GAZOO Racing arasındakı münasibətin əsas hədəflərini önə çıxarır və “People, Product, Pipeline” konsepsiyasına fokuslanır. Bu yanaşma dayanıqlı avtoidman sənayesi və mədəniyyəti qurmaq üçün pilotlar, mühəndislər və mexaniklər kimi əsas insan resurslarının inkişafını əhatə edir.

Cin Haas: “Bütün komandalar kimi biz də 2025-ci ildə rəqabət aparmaqla yanaşı, 2026 mövsümü üçün bu yeni reqlamentə uyğun maşınları dizayn və inşa etmək çağırışı ilə üzləşirik. Mövsümöncəsi mərhələ bu maşınların nəyə qadir olduğunu və pilotların, mühəndislərin, ümumilikdə komandaların onlara necə uyğunlaşdığını anlamaq baxımından həlledici olacaq. Biz pilot heyətində davamlılığı Oliver Berman və Esteban Okonla qoruyuruq, eyni zamanda dizayn və mühəndislik komandalarımız da dəyişməz qalır. Ötən mövsüm orta qrupda rəqabət olduqca yüksək səviyyədə keçib, bu, çətin olub və biz yenidən trasda və trasdan kənarda inkişaf etməyə davam etməliyik. Şəxsən mən bütün peletonda rəqabətin necə formalaşacağını və bu yeni reqlamentlərin performans baxımından nə gətirəcəyini böyük maraqla izləyəcəyəm”.

Ayao Komatsu: “İlin bu qədər əvvəlində yeni maşının təqdim olunması bir qədər sürreal hiss yaradır, amma yeni Formula 1 mövsümünə başlamaq bununla belə çox həyəcanvericidir – xüsusən də reqlamentdə bu qədər böyük dəyişikliklər olduğu bir dövrdə. Biz Barselonadakı Şeykdaun Həftəsinə tam hazır olmağa fokuslanırıq. Ötən mövsümün bitməsindən yanvarda maşınları trasa çıxarmağa qədər olan qısa müddətdə bütün komanda üçün bu, nəhəng bir səydir. Bu qədər müzakirədən sonra bu maşınların necə çıxış edəcəyini və Avstraliyaya qədər test proqramlarında bizi nələrin gözlədiyini görmək üçün səbirsizlənirik. İspaniya və Bəhreyndəki testlər həlledici olacaq. Çətinliklərin olacağını bilirik, amma biz bunu Formula 1-ə olan ehtirasımıza görə edirik”.

TGR Haas F1 Team bu mövsüm ilk dəfə yanvarın 26–30-da İspaniyada, Circuit de Barcelona-Catalunya trasında Şeykdaun Həftəsi çərçivəsində trasa çıxacaq. Hər komandaya üç gün tras vaxtı icazə verilir, bundan sonra isə Bəhreyn Beynəlxalq Trasında fevralın 11–13 və 18–20 tarixlərində iki rəsmi test sessiyası keçiriləcək.

Share: