24 Fevral, 2026 Çin Qran Prisi

Honda Çin Qran Prisi üçün yeniliklər hazırlayır

Yaponiyanın Shiga Sports xəbər agentliyi yazır ki, mövsümöncəsi testlərdə Aston Martin-in güc qurğusu ilə bağlı yaranmış problemlərə baxmayaraq, Honda-da yüksək əhval-ruhiyyə qorunub saxlanılır.

Şirkət daxilindəki mənbələrin bildirdiyinə görə, hazırda Sakuradakı bazada mühəndislər güc qurğusunun etibarlılığını və səmərəliliyini artırmalı olan yeniliklər paketi üzərində çalışırlar. Honda bu yenilikləri mövsümün ilk mərhələsi olan Melburndakı yarışa qədər hazırlaya bilməyəcək, lakin plan odur ki, artıq ikinci mərhələ olan Çin Qran Prisində Aston Martin bunlardan istifadə edə bilsin.

Bundan sonra güc qurğusunun optimallaşdırılması və ötürmələr qutusu ilə daha yaxşı inteqrasiyası istiqamətində mərhələli iş başlanacaq. Eyni zamanda Silverstoundakı Aston Martin bazasında şassi üzərində paralel iş aparılır. Agentliyin məlumatına görə, daxili iclasda Adrian Nyui bildirib ki, mühəndislər Böyük Britaniya Qran Prisinə qədər ciddi şassi yeniləmələri hazırlamağı planlaşdırırlar və bunun nəticəsində AMR26 pelotonda ən effektiv maşınlardan birinə çevrilə bilər.

Rəsmi açıqlamalarda Honda və Aston Martin ehtiyatlı mövqe saxlasalar da, daxili qiymətləndirmələr “müsbət” hesab olunur. Bununla belə, komanda daxilində hamı razılaşır ki, mövsümün əvvəlində səbir və davamlı yeniləmələr həlledici rol oynayacaq.

Xatırladaq ki, Bəhreyndəki testlərdə Aston Martin ən dövrə vuran komanda kimi yadda qalmışdı. Fernando Alonso və Ləns Stroll ümumilikdə 334 dövrəyə imkan tapmışdılar. Komandanın sürücüləri həm də 22 sürücü arasında dövrəvi nəticəyə görə son iki yeri tutmuşdular.

Share: