Bu il də Təhlükəsizlik Maşınını Mercedes tədarük edəcək
Artıq məlumdur ki, son illərin əksinə, Aston Martin şirkəti Formula 1 üçün Təhlükəsizlik Maşını tədarükçüsü olmayacaq.
Bu gün Mercedes təsdiqləyib ki, 2026 mövsümündə Formula 1, Formula 2, Formula 3 və bütün dəstək yarışlarında, eləcə də Bəhreyndə keçiriləcək testlərdə təhlükəsizlik və tibbi avtomobillərin yeganə tədarükçüsü olacaq.
Yeni mövsümdə Mercedes F1-də Təhlükəsizlik Maşını ilə iştirakının 30 illiyini qeyd edəcək. Bu müddət ərzində Formula 1-də Mercedes-AMG markası altında 13 müxtəlif təhlükəsizlik avtomobili və səkkiz tibbi avtomobil istifadə olunub.
2022-ci ildən etibarən təhlükəsizlik avtomobili kimi Mercedes-AMG GT Black Series, tibbi avtomobil kimi isə Mercedes-AMG GT 63 S 4MATIC+ istifadə olunur. Ümumilikdə Mercedes-AMG bu mövsüm üç təhlükəsizlik və iki tibbi avtomobil təqdim edəcək, onların hər yarış həftəsonu zamanı ikisi trasda olacaq. Avtomobillərin xidməti və texniki dəstəyi şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Bernd Maylander TM sürücüsü rolunu davam etdirəcək. Qarşıdakı Avstraliya Qran Prisi onun bu statusda yubiley 500-cü yarışı olacaq.
Kristof Saqemüller, Mercedes-AMG Motorsport-un rəhbəri: “Təhlükəsizlik brendimizin və avtomobillərimizin əsas dəyərlərindən biridir. Məhz buna görə də 1996-cı ildən etibarən Formula 1 üçün rəsmi təhlükəsizlik və tibbi avtomobilləri biz təqdim edirik.
2026 mövsümündən başlayaraq FIA-nın rəsmi avtomobilləri yenidən bütün Formula 1 mərhələlərində üçşüalı ulduz nişanı daşıyacaq. Beləliklə, biz ali yarış sinfində təhlükəsizliyin təmin olunmasına aktiv töhfə verməyə davam edirik.
Formula 1 Mercedes-AMG üçün təkcə idman platforması deyil, həm də avtomobillərimizin sürətinin, etibarlılığının və təhlükəsizliyinin ekstremal şəraitdə nümayiş olunduğu mühitdir”.
Aşağıda Mercedes-in 30 ildə F1 üçün hazırladığı Təhlükəsizlik Maşınları ilə tanış ola bilərsiz:
