Komanda dünyanın ən böyük brendlərindən bəzilərinin dəstəyini almağa davam edir. Bu tərəfdaşların bir çoxunun avtomobilin rəng çalarlarında əks olunması onların McLaren Mastercard F1 Team-in yarışlara çıxa bilməsində oynadığı əsas rolu vurğulayır.
MCL40 keçən ayın sonu Barselonada keçirilən mövsümöncəsi “Shakedown” zamanı trasda ilk çıxışını edib və komandaları tamamilə yeni maşınlar hazırlamağa məcbur edən yeni reqlament əsasında ərsəyə gətirilib. Yeni rəng çalarları komandanın tanıtım çəkiliş günü çərçivəsində 10 fevral trasda görünəcək, bundan sonra isə 11 fevralda start götürəcək ilk Bəhreyn mövsümöncəsi testləri keçiriləcək.
Zek Braun: “2026-cı il üçün nəzərdə tutulmuş bolidimizin rəng çalarlarını ikinci evimiz sayılan Bəhreyndən təqdim etməkdən məmnunuq. İkonik papaya rəngi MCL40 üzərində də qalır və çempionluq qazanan rəng dizaynlarını növbəti mövsümə daşımaq ənənəmizi davam etdiririk. Dizaynın hazırlanmasında yaradıcı yanaşmalar araşdırılarkən yarış performansı da ön planda saxlanılıb və biz aerodinamik tələblərlə yaradıcılıq istiqaməti arasında balans quraraq 2026-cı il üçün bu cəlbedici rəqibi ortaya çıxarmışıq.
Bütün sadiq səhmdarlarımıza və tərəfdaşlarımıza təşəkkür edirik – onların dəstəyi olmasaydı, yarışlara çıxmaq mümkün olmazdı. Davamlı dəstəklərinə görə azarkeşlərimizə və Formula 1-in bu həyəcanlı yeni erasına bizi gətirib çıxarmaq üçün yorulmadan çalışan komandamıza da minnətdarıq. Hamımız bu maşını trasda görmək üçün səbirsizlənirik”.

Andrea Stella: “2026-cı il üçün nəzərdə tutulmuş bolidimiz MCL40-ın rəng çalarlarını təqdim etmək çox gözəldir. Bu, komandanın bu il yarışlara başlamazdan əvvəl gördüyü möhtəşəm iş və fədakarlıq yolunda mühüm bir mərhələdir.
2026-cı il Formula 1 üçün yeni reqlament erası ilə birlikdə tamamilə yeni bir çağırışı ifadə edir. Biz mövsümə müstəqil bir iddiaçı kimi başlayırıq və hamısı bizi məğlub etmək istəyən beş böyük istehsalçı ilə üz-üzəyik. Son illərdə qazandığımız uğurlardan əldə etdiyimiz dərslər bizim üçün üstünlükdür, lakin bütün peloton sıfırdan başlayır və keçmiş nailiyyətlərin bu mərhələdə heç bir əhəmiyyəti yoxdur.
Məqsədimiz ilk gündən maksimum sürətlə işə başlamaqdır və bunun üçün bizdə ən ideal kombinasiya var: güclü komanda, uyğun sürücü cütlüyü, Mercedes HPP ilə əməkdaşlıq, tərəfdaşlarımız və azarkeşlərimizin dəstəyi. İndiyə qədər üzləşdiyimiz ən böyük mübarizəyə yaxınlaşarkən uğur qazanmaq üçün lazım olan şəraiti yaratmağa fokuslanmağa davam edəcəyik. Azarkeşlər üçün möhtəşəm bir yarış mövsümü olacaq və biz artıq başlamaq üçün səbirsizlənirik”.
Lando Norris: “Bu mövsüm üçün rəng çalarlarını təqdim etmək məqsədilə yenidən Bəhreyndə olmaq xoşdur. Dizayn çox gözəl alınıb və ötən il qazandığımız böyük uğurun bir parçası olan bu rənglərdə yarışmağa davam edəcəyim üçün həyəcanlıyam.
Karyeramın əvvəlindən bəri çıxış etdiyim komanda ilə dünya çempionu olmaq inanılmaz hiss idi. Bu ilə çempion statusunda başlayırıq və Formula 1-in bu yeni erasında nələrə nail ola biləcəyimizi görmək üçün səbirsizlənirəm.
Bu avtomobilin hazırlanmasında və qurulmasında əməyi keçən hər kəsə böyük təşəkkürümü bildirirəm – bizi bu mərhələyə gətirib çıxaran hər kəsə minnətdaram. Yanımızda olan bütün azarkeşlərə xüsusi salamlar, dəstəyə görə tərəfdaşlarımıza da təşəkkür edirəm. Bu mövsümə tam hazıram və yenidən trasda olub ön yerlər uğrunda mübarizəyə davam etmək üçün səbirsizlənirəm”.

Oskar Piastri: “MCL40-ın üzərindəki yeni rəng çalarları əla görünür və 2025-ci ilin çempionluq qazanan dizaynını davam etdirməyimiz çox xoşdur. Papaya rəngli maşında yarışmaq həmişə zövqlüdür. Zavodda çalışan hər kəsə, azarkeşlərimizə və tərəfdaşlarımıza dəstəyə görə təşəkkür edirəm.
Yeni reqlamentlərlə bizi qarşıda böyük bir mübarizə gözləyir, amma bu mövsümə çox pozitiv əhval-ruhiyyə ilə və Formula 1-in bu yeni erasına birbaşa atılmağa hazır girirəm. Keçən ildən çox dəyərli dərslər çıxarmışıq, özümü hər zamankından daha güclü hiss edirəm və bu il nələrə nail ola biləcəyimizi görmək üçün səbirsizlənirəm – başlayaq!”
