11 Fevral, 2026 Xəbərlər

İlk qış testləri: Norris ilk günün lideridir

Bəhreyndə testlərin ilk günü xırda problemlərə, nasazlıqlara, qırmızı bayraqlara baxmayaraq, ümumilikdə kifayət qədər sakit alınıb.

Bir çoxları 2014-cü ildəki kimi – hibrid güc qurğularının ardıcıl sıradan çıxdığı xaotik testlərin təkrarlanacağını gözləyirdi. Lakin Barselonadakı qapalı testlərdən sonra komandalar bura hazırlıqlı gəliblər və Bəhreyndə ilk gündəcə bir çoxu yarış məsafəsindən (Saxir trasında yarış 57 dövrə davam edir) artıq yol qət edib.

Komandalar Barselona ilə müqayisədə maşınları ciddi şəkildə yeniləyiblər. Qapalı testlərdə əsas diqqət etibarlılığa yönəldilmiş baza şassi versiyaları istifadə olunurdusa, Bəhreyndə çoxsaylı maraqlı aerodinamik yeniliklər ortaya çıxıb. Xüsusilə də yan pontonların fərqli konfiqurasiyasına malik Audi bolidi zahiri görünüşü ilə seçilib.

Səhər saatları əsasən aerodinamikaya həsr olunub – sürücülər aerodinamik boya və sensorlarla trasa çıxıblar. Daha sonra komandalar müxtəlif sazlamaları yoxlayaraq çox məsafə qət etməyə fokuslanıblar. Geniş təhlükəsizlik zonaları səhvləri bağışlayıb – yeni maşınlarla sürücülərin hələ uyğunlaşma mərhələsində olduğu görünüb, amma iş prosesi sakit və məhsuldar keçib.

Testlər cəmi iki dəfə qırmızı bayraqla dayandırılıb. Səhər sessiyasında Franco Kolapinto (Alpine) maşını dayandırmaq məcburiyyətində qalıb və bolid evakuasiya edilib. İkinci dəfə isə Nico Hülkenberqin Audi-si problem yaşayıb, lakin o, maşını boksa qədər çatdıra bilib və fasilə qısa sürüb.

Günortadan sonra əksər komandalarda sürücü dəyişiklikləri baş verib və bununla paralel maşınların konfiqurasiyası da yenilənib. Mercedes-də problem aşkarlanıb və fasilədən sonra Kimi Antonelli dərhal trasa çıxa bilməyib. Racing Bulls sızma səbəbindən, Aston Martin isə Honda mühərrikində telemetriya ilə aşkarlanan problemə görə işi vaxtından əvvəl dayandırıb.

İlk gün trasda 11 komandadan 18 sürücü çalışıb. Ən sürətli nəticəni Lando Norris göstərib – 1:34.669. Ən çox dövrəni isə Maks Ferstappen vurub – 136 dövrə. Komandalar arasında isə ən çox məsafəni Williams qət edib – 145 dövrə.

Yeni maşınlar artıq kifayət qədər etibarlı görünür. Sürət məsələsində isə hələ suallar qalır – ilk günün ən yaxşı nəticəsi ötən ilin göstəricisindən təxminən üç saniyə zəifdir. Amma komandalar hələ maksimum sürət üzərində işləməyiblər.

Testlər sabah davam edəcək.

Driver Team Result Gap Laps Tyre
1 Lando Norris McLaren 1:34.669 58 С2
2 Maks Ferstappen Red Bull 1:34.798 + 0.129 136 С3
3 Şarl Lekler Ferrari 1:35.190 + 0.521 80 С3
4 Esteban Okon Haas 1:35.578 + 0.909 114 С3
5 Oskar Piastri McLaren 1:35.602 + 0.933 54 С3
6 Corc Rassell Mercedes 1:36.108 + 1.439 56 С3
7 Lyuis Həmilton Ferrari 1:36.433 + 1.764 52 С3
8 Pyer Qasli Alpine 1:36.765 + 2.096 49 С3
9 Niko Hülkenberq Audi 1:36.861 + 2.192 73 С3
10 Aleksander Elbon Williams 1:37.437 + 2.768 68 С3
11 Kimi Antonelli Mercedes 1:37.629 + 2.960 30 С1
12 Arvid Lindblad Racing Bulls 1:37.945 + 3.276 75 С3
13 Karlos Sayns Williams 1:38.221 + 3.552 77 С3
14 Serxio Peres Cadillac 1:38.828 + 4.159 58 С2
15 Qabriel Bortoleto Audi 1:38.871 + 4.202 49 С3
16 Valtteri Bottas Cadillac 1:39.150 + 4.481 49 С1
17 Ləns Stroll Aston Martin 1:39.883 + 5.214 36 С2
18 Franko Kolapinto Alpine 1:40.330 + 5.661 28 С2
Share: