Qış testləri: Barselonada ilk günü Həcər lider tamamlayıb
Barselonada qış testlərinin ilk günündə trasda yeddi komanda və doqquz pilot çalışıb. Williams maşın hazır olmadığı üçün gəlməyib. McLaren, Ferrari və Aston Martin isə ilk günü buraxıb.
Komandaların beş gündən istənilən üç günü işləmək və ya ümumiyyətlə işləməmək imkanı var.
Bu testlərlə bağlı onu da qeyd etməliyik ki, formal olaraq bu, test deyil, trası icarəyə götürən komandalar özləri təşkil edib. Adətən qrafikdən kənar testlər keçirmək imkanı olmur, lakin bu dəfə komandalara belə şans verilib və mövsüm hələ başlamayıb, ilk rəsmi testlər fevralda start götürəcək, hazırda isə hələ mövsümlərarası dövrdür.
Komandalar testləri qapalı elan etmək barədə razılığa gəlib ki, böyük reqlament dəyişiklikrlərinin olduğu bu dövrdə baş verə biləcək neqativ hallara görə tənqidlərdən yayınsınlar. Sosial şəbəkələrdə paylaşımların sayı da məhdudlaşdırılıb – hər komandaya maksimum 12 foto və video yayımlaya bilərdi. Faktiki olaraq isə daha az paylaşılıb.
Səhər saatlarında hətta nəticələri əks etdirən “pirat tayminq” də işləyib – komandaların birinin IT mütəxəssisi bunu paylaşıb, lakin hər yerdə skrinşotlar yayılandan sonra günortadan sonra kanal bağlanıb. Avtodromun ətrafında təhlükəsizlik xidmətləri trası görmək mümkün olan nöqtələrdən azarkeşləri və jurnalistləri ciddi şəkildə uzaqlaşdırıb, bunu isə istənilən görüntü hüquqlarının avtodroma məxsus olması ilə izah ediblər.
Bütün bunlar həm gülməli, həm də üzücü görünür. Günün yekunlarına görə onsuz da heç bir nəticə çıxarmaq mümkün deyil, sürət nümayiş etdirməklə isə heç kim məşğul olmayıb – əsas məqsəd icazə verilən qədər məsafə qət etmək olub. Problemlər də 2014-cü illə müqayisədə nəzərəçarpacaq dərəcədə az olub.
Mətbuat və yarış ictimaiyyəti “Formula 1-in yeni erası”nın ilk gününün bu formada keçməsindən narazı qalıb; bu era uzun müddət idi ki, elan edilirdi və maraqla gözlənilirdi.
Səhər ənənəvi “duel” baş tutub – hansı komandanın maşını ilk olaraq trasa çıxacaq? Gecə yağan yağışdan sonra asfalt yaş qalıb, amma bu prinsip məsələsidir. Yerli vaxtla saat doqquzda pit-leynin çıxış xəttini ilk keçən Kimi Antonelli olub.
Beşinci ildir ki, ardıcıl olaraq qış testlərində trasda ilk görünən Mercedes pilotu olur. Ardınca Audi-dən Bortoleto, üçüncü olaraq isə Alpine ilə Kolapinto trasa çıxıb. Audi üçün testlər bununla başa çatıb. Bortoleto etiraf edib ki, nasazlıqdan sonra proqramı davam etdirə bilməyiblər, lakin komanda problemin detallarını açıqlamayıb.
Formula 1-də bundan əvvəl mühərriklərin dəyişdiyi 2014-cü ilin testlərinin ilk günü ilə müqayisədə, bu dəfə hər şey nisbətən problemsiz keçib. Komandalar istənilən riskdən qaçmağa çalışıb. Telemetriyada şübhəli göstəricilər görünən kimi maşını dərhal dayandırıblar – ehtiyat hissələri hələ məhduddur, istənilən nasazlıq proqramı dayandıra bilər.
İlk gün komandalar mühərriklərə və hibrid sistemə fokuslanıb – maşınların üzərində aerodinamik boya və sensorlar olmayıb. Səhər qırmızı bayraqlar üç dəfə görünüb– Kolapinto, Bortoleto və Louson ilə bağlı problemlər buna səbəb olub. Qəza olmayıb – hər üç halda pilotlar bokslardan verilən əmr əsasında maşını trasda saxlayıb.
Günorta saatlarında Rassell Mercedes-in sükanı arxasında Antonellini əvəz edib və sonda 1:18.696-lıq nəticə ilə protokola başçılıq edib. Daha sonra komandaların qərarı ilə testlər daha bir saat uzadılıb və liderliyə 1:18.452-lik nəticə ilə Ayzek Həcər çıxıb. Red Bull üçün əsas məqsəd ilk güc qurğusunun potensialını nümayiş etdirmək olub.
Ən böyük məsafəni Haas pilotu Esteban Okon qət edib – 154 dövrə. Mercedes, Ferrari və Red Bull/Ford mühərrikləri ilə təxminən min kilometr qət edilib ki, bu da ilk gün üçün əla göstəricidir. Audi mühərriklərində isə hələlik 125 km qeydə alınıb.
Testlər sabah davam edəcək.