11 Fevral, 2026 Xəbərlər

Birinci qış testləri: Sürücülərin iş qrafiki

Bu gün Bəhreyndə mövsümün ilk qış testlərini start götürür. Üç gün davam edəcək testlərdə komandaların sürücülər arasında iş bölgüsünü necə edəcəyi artıq məlumdur.

Qeyd edək ki, testlər hər gün yerli vaxtla 10:00, Bakı vaxtı ilə isə 11:00-da başlayacaq. Bitmə vaxtı isə müvafiq olaraq, 19:00 və 20:00-dır.

McLaren

Ötən mövsümün çempinu bu gün testlərə Piastri ilə start verəcək. Onu nahardan sonra komanda yoldaşı Norris əvəz edəcək. Bu qrafik testlərin üçüncü günü də təkrarlanacaq. Sabah isə əksinə, Norris səhər, Piastri isə nahardan sonra işləyəcək.

Mercedes

Barselonadakı “Şeykdaun”da ən çox məsafə qət etmiş Mercedes-də də qrafik McLaren-dəki kimidir – ilk və üçüncü günlər səhər Rassell, günün ikinci hissəsi isə Antonelli işləyəcək, ikinci gün isə proqrama Antonelli başlayacaq.

Red Bull

Komanda ilk iki gün proqramını sürücülər arasında bölməyəcək. Bu gün Ferstappen, sabah isə Həcər gün ərzində sükan arxasında olacaqlar. Yalnız üçüncü gün Ayzek nahardan sonra Maksı əvəz edəcək.

Ferrari

Scuderia hər 3 gün üçün iş qrafikini açıqlamayan yeganə komandadır. Yalnız o məlumdur ki, bu gün Həmilton italyanlar üçün testləri başladacaq, nahardan sonra isə maşını Leklerə təhvil verəcək. Növbəti iki günün planı barədə hələ məlumat verilməyib.

Williams

Barselonadakı 5 günlük testləri buraxan komandanın hansı formada olduğu hamıya çox maraqlıdır. Onlar da ənənəvi bölgüdən istifadə ediblər: Bu gün və üçüncü gün əvvəlcə Sayns, sonra isə Elbon işləyəcək, sabah isə sürücülər yer dəyişəcəklər.

Racing Bulls

Red Bull-un törəmə komandası iş qrafikini açıqlayan son komanda olub. Bu gün bütün yük debütant Lindbladın üzərinə düşəcək. Sabah isə Louson tam gün işləyəcək. Testlərin son günü isə proqramı paylaşacaqlar.

Aston Martin

Barselonada cəmi 66 dövrə vura bilən komanda üçün bu testlər olduqca vacibdir. Adrian Nyuinin hazırladığı maşının nəyə qadir olduğu hamıya maraqlıdır. Onu bu gün Stroll, sabah isə Alonso yoxlayacaq. Üçüncü gün isə ispan sürücü günün ikinci yarısı kanadalı həmkarını əvəzləyəcək.

Haas

Barselonada qət edilən məsafəyə görə bir çox komandanı qabaqlayan amerikalılar testlərə Okonla başlayacaq. Berman isə sabah maşını ondan təhvil alacaq. Son gündə isə əvvəlcə Berman, sonra isə Okon “səhnəyə çıxacaq”.

Audi

Zavod komandası kimi debüt ili çox vacibdir. İlk maşın çox böyük əhəmiyyət daşıyır və onu yoxlamaq üçün Hülkenberq kimi təcrübəli sürücüyə sahibdirlər. Alman sürücü bu gün nahardan sonra gənc Bortoletonu əvəzləyəcək. Bu qrafik üçüncü gün də təkrarlanacaq. Sabah isə səhər işləmək növbəsi Hülkenberqdədir – əlbəttə ki, yarım gün.

Alpine

Keçən ilin autsayderi Barselonada heç də pis çıxış etməyib. Bunu Bəhreyndə də davam etdirmək lazımdır. Çünki ciddi reqlament dəyişikliyindən sonra vurulan hər dövrə çox qiymətlidir. Bu gün əvvəlcə Kolapinto, sonra isə Qasli işləyəcək. Növbəti iki gündə isə qrafik sürücülər arasında bölünməyəcək – əvvəlcə Qasli, sonra Kolapinto komanda üçün çalışacaq.

Cadillac

Formula 1-in yeni komandası Barselonada dövrə sayına görə yalnız Aston Martini qabaqlaya bilmişdi. Lakin iki təcrübəli sürücü ilə Barselonada bu geriliyi aradan qaldıra bilərlər. Bu gün və son gün əvvəl Bottas, sonra Peres işləyəcək, sabah isə Peres günün ikinci yarısı maşını Bottasa verəcək.

 

Share: